AZ

Ağdamda yeni istifadəyə verilən hoteldə 120 nəfər daimi işlə təmin edilib

Ağdamda yeni istifadəyə verilən hoteldə 120 nəfər daimi işlə təmin edilib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Prezident izi ilə Ağdama təşkil olunmuş mediatur zamanı yeni istifadəyə verilən "Hilton Garden Inn Agdam" hotelinin direktoru Anar İbrahimov jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ümumi sahəsi 2 hektardan artıq olan mehmanxana kompleksi 2, 6 və 7 mərtəbəli olmaqla üç blokdan ibarətdir. 287 yerlik hotel binasında müxtəlif kateqoriyalara aid ümumilikdə 127 otaq mövcuddur. Kompleksdə restoran və ictimai-iaşə zonası, iclas, tədbir və ziyafət zalları, qapalı üzgüçülük hovuzu və idman zalı yaradılıb. Hotelin ərazisində geniş abadlıq işləri də aparılıb.

A.İbrahimov qeyd edib ki, hotelin fəaliyyətə başlaması ilə 120 nəfər daimi işlə təmin olunub. İşə qəbul edilənlərin əksəriyyəti Ağdam və ətraf rayonların sakinləridir.

Yeni hotel Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi, Ağdam Muğam Mərkəzi, Ağdam Sənaye Parkı və digər mühüm sosial infrastruktur obyektlərinin yaxınlığında yerləşir.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri çərçivəsində turizm infrastrukturunun formalaşdırılması əsas prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bu məqsədlə müasir tələblərə cavab verən hotel və mehmanxana komplekslərinin tikintisi həyata keçirilir, turizm potensialının reallaşdırılması üçün zəruri şərait yaradılır. Sözügedən layihələr "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun icra olunur.

Vurğulanıb ki, bu hotellər memarlıq baxımından ərazinin təbii landşaftına uyğun layihələndirilir, ekoloji standartlara və müasir xidmət prinsiplərinə əsaslanır. Turizm obyektləri turistlərin rahat yerləşməsi və istirahəti üçün geniş imkanlar yaradır, eyni zamanda bölgədə iqtisadi fəallığın artmasına, yeni iş yerlərinin yaradılmasına və sahibkarlığın inkişafına töhfə verir. Bu proses Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkənin turizm potensialında mühüm yer tutmasına zəmin yaradır.

Qeyd edək ki, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva 2022-ci ildə Ağdam şəhərində mehmanxana kompleksinin təməlqoyma mərasimində iştirak ediblər. Bu ilin fevral ayında isə kompleksdə görülən tikinti işləri ilə tanış olublar.

Seçilən
26
43
day.az

10Mənbələr