AZ

Tarixi ədalətin və Qələbənin rəmzi - Xankəndi Zəfər Parkı FOTO

Xankəndi, 25 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Xankəndi şəhərində yaradılan Zəfər parkı Azərbaycan xalqının tarixi ədalətin bərpası və öz ərazi bütövlüyünün qorunması uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını və 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni əks etdirir.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Zəfər parkının ümumi sahəsi 9 hektardır. Parkın girişindən Zəfər tağına doğru 44 pilləkən salınıb. Onların mərkəzi hissəsində quraşdırılmış lövhələr üzərində müharibənin gedişi barədə məlumatlar, o cümlədən azad olunmuş yaşayış məntəqələrinin adları yazılıb. Eyni zamanda, 2023-cü ildə keçirilmiş antiterror əməliyyatının nəticələrini əks etdirən məlumatlar da lövhələrdə qeyd olunub.

Zəfər tağının hündürlüyü Vətən müharibəsi günlərinin sayına görə rəmzi olaraq 44 metr təşkil edir. Bina 10 mərtəbədən və terrasdan ibarətdir. Terrasda Zəfər Günü ilə bağlı 8 rəqəmini simvolizə edən konstruksiya inşa olunub. Doqquzuncu mərtəbədə “Zəfər qalereyası” sərgi-nümayiş zalı yaradılıb.

Parkın ərazisində genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilib, fəvvarələr yaradılıb, işıqlandırma və musiqilərin səsləndirilməsi üçün sistemlər quraşdırılıb. İnşaat işləri zamanı mövcud ağacların qorunmasına xüsusi diqqət yetirilib. Ümumilikdə parka 500-dən çox ağac və 11 mindən artıq kol və gül əkilib.

Zəfər parkı Xankəndi sakinlərinin və qonaqların asudə vaxtlarının səmərəli təşkilinə xidmət edəcək. Bundan başqa, belə istirahət məkanlarının yaradılması işğaldan azad olunmuş ərazilərdə görülən genişmiqyaslı bərpa-quruculuq işlərinin uğurla davam etdiyini göstərir.

Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak ediblər.

Seçilən
53
43
azertag.az

10Mənbələr