AZ

Zəfər tağının hündürlüyü rəmzi olaraq 44 metr təşkil edir - FOTO

XANKƏNDİ, 25 dekabr. TELEQRAF

Zəfər parkının ümumi sahəsi 9 hektardır. Parkın girişindən Zəfər tağına doğru 44 pilləkən salınıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı jurnalistlərə Zəfər Parkı haqqında məlumat verərək bildirib ki, mərkəzi hissədə quraşdırılmış lövhələr üzərində müharibənin gedişi barədə məlumatlar, o cümlədən azad olunmuş yaşayış məntəqələrinin adları yazılıb.

Eyni zamanda, 2023-cü ildə keçirilmiş antiterror əməliyyatının nəticələrini əks etdirən məlumatlar da lövhələrdə qeyd olunub.

Zəfər tağının hündürlüyü Vətən müharibəsi günlərinin sayına görə rəmzi olaraq 44 metr təşkil edir. Bina 10 mərtəbədən və terrasdan ibarətdir.

Terrasda Zəfər Günü ilə bağlı 8 rəqəmini simvolizə edən konstruksiya inşa olunub. Doqquzuncu mərtəbədə “Zəfər qalereyası” sərgi-nümayiş zalı yaradılıb. Parkın ərazisində genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilib, fəvvarələr yaradılıb, işıqlandırma və musiqilərin səsləndirilməsi üçün sistemlər quraşdırılıb.

İnşaat işləri zamanı mövcud ağacların qorunmasına xüsusi diqqət yetirilib. Ümumilikdə parka 500-dən çox ağac və 11 mindən artıq kol və gül əkilib.

Zəfər parkının təməli bu ilin fevralında Prezident İlham Əliyev tərəfindən qoyulub. Dövlət başçısı iyulda burada görülən işlərlə tanış olub.

Qeyd edək ki, Xankəndi şəhərində Zəfər parkının yaradılması bir neçə mühüm əhəmiyyət daşıyır. İlk növbədə, bu layihə Azərbaycan xalqının tarixi ədalətin bərpası və öz ərazi bütövlüyünün qorunması uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını və 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni əks etdirir.

Park Xankəndi sakinlərinin və qonaqların asudə vaxtlarının səmərəli təşkilinə xidmət edəcək.

Bundan başqa, belə istirahət məkanlarının yaradılması işğaldan azad olunmuş ərazilərdə görülən genişmiqyaslı bərpa-quruculuq işlərinin uğurla davam etdiyini göstərir.

Seçilən
10
43
teleqraf.com

10Mənbələr