AZ

İran və Azərbaycan arasında rəqəmsal mühitdə müxtəlif platformalar iki ölkənin mənafeyinə xidmət edə bilər - Zəhra Pezeşkian

İran və Azərbaycan arasında dəyərlər, həyat tərzi, ailə və uşağın ali məqamı kimi bir çox ortaqlıqlar və mədəni bağları nəzərə alaraq rəqəmsal mühitdə uşaq və gənclərin müdafiəsi sahəsində əməkdaşlıq iki ölkənin mənafeyini qarşılıqlı şəkildə təmin edə bilər.

Day.Az xəbər verir ki, bunu Trend-ə müsahibəsində İran Prezidenti Məsud Pezeşkianın qızı və İran nümayəndə heyətinin rəhbəri Zəhra Pezeşkian deyib.

Onun sözlərinə görə, İran və Azərbaycan təlim təcrübələrini mübadilə etməklə, qanunvericilik, hüquqi və texniki sahələrində birgə ixtisaslı iclaslar təşkil etmklə, kiber polis və əlaqədar nazirliklər kimi aidiyyəti qurumlar arasında əməkdaşlıq mexanizmləri yaratmaqla bir-birlərinin mənafeyini təmin etməyə kömək edə bilərlər.

"Rəqəmsal proseslərin genişliyi, çeşidliliyi və sürətlə irəlilədiyini, iki ölkənin mədəni yaxınlığı və uşaqlar və ailələrin müdafiə olunması üzrə prioritetlərini, eləcə də uşaq və ailələrin inkişaf və təhsili istiqamətində bu mühitdən uyğun şəkildə faydalanmaq üçün imkanların yaradılmasına ehtiyac duyulduğunu nəzərə alaraq iki ölkə arasında əməkdaşlıq və koordinasiya çox önəmli və effektiv ola bilər.

Birgə təlim kurslarının təşkil olunması, birgə ehtiyaclar və maraqları nəzərə alaraq müştərək platformaların yaradılması, platformalara nəzarət etmək üçün dövlətlər arasında nəzarət və əməkdaşlıq proqramlarının tənzimlənməsi, eləcə də uşaqların istifadəsi üçün daha sağlam mühit yarada biləcək oyun və proqramların yaradılması ailə və uşaqların rəqəmsal mühitdə müdafiəsi sahəsində iki ölkə arasında birgə əməkdaşlıq oluna biləcək sahələrdir", -deyə o qeyd edib.

Pezeşkian bildirib ki, ənənəvi sərhədləri dəyişdirən rəqəmsal mühitdə uşaqların effektiv şəkildə müdafiə olunması bir ölkənin daxili və milli məsələsi hesab oluna bilməz. Bu səbəbdən başqa ölkələrlə, o cümlədən qonşu ölkələrlə əməkdaşlıq böyük əhəmiyyət kəsb edir.

İran prezidentinin qızı əlavə edib ki, son illərdə İran rəqəmsal mühitdə uşaq və gənclərin müdafiəsi istiqamətində ciddi addımlar atıb. Bu addımlardan rəqəmsal mühitdə uşaq və gənclərin müdafiəsi sənədi, təlimlərin təşkil olunması ilə ailələr və şagirdlərin media biliyinin artırılması, kiber polis kimi qurumların rolunun artırılması və qayda pozuntuları ilə əlaqədar məlumatlandırma sistemlərinin inkişaf etdirilməsini qeyd etmək olar. Lakin texnologiya sahəsində proseslərin sürətlə irəliləməsi və rəqəmsal təhdidlərin mürəkkəbliyi qaydaların davamlı şəkildə yenilənməsi, orqanlar arasında əməkdaşlığın gücləndirilməsi, özəl sektor və sosial qurumların aktiv iştirakına ehtiyac duyulur.

"Bakıda "Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq" mövzusunda keçirilən konfrans yüksək səviyyədə təşkil olundu. Müxtəlif ölkələr, regional və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi konfransda son elmi araşdırmalar və ölkələrin praktiki təcrübələrə mövzular irəli sürüldü. Belə konfransların təşkil olunması rəqəmsal mühitdə uşaqların müdafiəsi və hüquqi aspektdən təcrübələrin mübadiləsi və siyasətçilərin diqqətini cəlb etmək baxımından əhəmiyyət kəsb edir. Bu formada təşkil oluna konfranslar regional və beynəlxalq əməkdaşlıq platformaların formalaşmasına kömək edə və milli səviyyədə atılan addımların effektivliyini ikiqat artıra bilər", - deyə Pezeşkian bildirib.

Seçilən
16
2
day.az

3Mənbələr