Rusiya Prezidenti Vladimir Putin Rusiyada yeni bir xatirə tarixinin təsis edilməsi haqqında qanun imzalayıb.
Publika.az xəbər verir ki, sənədə əsasən, bundan sonra 19 aprel 1941-1945-ci illər Böyük Vətən Müharibəsi zamanı nasistlər və onların əlbirləri tərəfindən törədilmiş Sovet xalqının soyqırımı qurbanlarının anım günü kimi qeyd olunacaq. Müvafiq fərman rəsmi hüquqi informasiya portalında dərc edilib.
Qanun layihəsi Dövlət Dumasına noyabr ayında bir qrup deputat tərəfindən təqdim edilib. Təşəbbüskarlar vurğulayıblar ki, bu tarixin təsis edilməsi işğal olunmuş ərazilərdə nasistlərin vəhşilikləri haqqında tarixi həqiqəti qorumaq və tarixi saxtalaşdırmaq cəhdlərinə qarşı çıxmaq məqsədi daşıyır. İzahlı qeyddə qeyd olunub ki, sovet xalqının qəhrəmanlığının və əzablarının xatirəsini qorumaq qaliblərin nəsillərinin keçmiş və gələcək nəsillər qarşısında müqəddəs borcudur.
Beləliklə, 19 aprel təqvimdə müharibə zamanı qəsdən öldürülən milyonlarla Sovet mülki vətəndaşının xatirəsini əbədiləşdirmək üçün nəzərdə tutulmuş bir gün kimi təsbit edilib.