AZ

Avtobus zolaqlarından taksilər də istifadə etsə… – Xaos, yoxsa rahatlıq? 

Son günlər Bakının nəqliyyat gündəmini yenidən avtobus zolaqları ilə bağlı müzakirələr zəbt edib. Milli Məclisin plenar iclasında deputat Vasif Qafarovun səsləndirdiyi təklif paytaxtda həm sürücülər, həm də ictimai nəqliyyatdan istifadə edən vətəndaşlar arasında birmənalı qarşılanmayıb.

Deputat rəsmi platformalarda qeydiyyatda olan taksilərə avtobus zolaqlarından istifadə hüququ verilməsini təklif edərək, bunun tıxac problemini azaldacağını və nəqliyyatın daha effektiv idarə olunmasına töhfə verəcəyini bildirib.

Deputatın fikrincə, “Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən taksilər də ictimai nəqliyyat vasitəsi hesab olunur və bir çox ölkələrdə bu təcrübə artıq tətbiq edilir. O, eyni zamanda qanunvericilikdə müəyyən dəqiqləşmələr aparılmasının, eləcə də parklanma və sığorta məsələlərinin hüquqi baxımdan daha aydın tənzimlənməsinin vacibliyini vurğulayıb.

Lakin məsələ ilə bağlı əsas sual açıq qalır: avtobus zolaqları həqiqətən də taksilər üçün açılarsa, bu, nəqliyyatın rahatlamasına səbəb olacaq, yoxsa əksinə, ictimai nəqliyyatın işini çətinləşdirəcək?

Məlumdur ki, avtobus zolaqları məhz avtobusların sıxlıqdan kənar, fasiləsiz və qrafikə uyğun hərəkəti üçün ayrılıb. Bu zolaqların yaradılmasında əsas məqsəd şəxsi avtomobildən imtina edən vətəndaşların vaxt itkisini minimuma endirməkdir. Taksilərin sayının çox olduğu Bakı şəraitində isə bu zolaqlara əlavə yükün düşməsi ehtimalı ciddi müzakirə mövzusudur.

Bu barədə NOCOMMENT.az-a danışan nəqliyyat eksperti Tale Ələddinzadə bildirib ki, məsələ ilk baxışdan cəlbedici görünsə də, praktikada risklər kifayət qədər çoxdur:

“Bakıda avtobus zolaqları onsuz da məhdud əraziləri əhatə edir. Bu zolaqlara minlərlə taksinin buraxılması avtobusların üstünlüyünü faktiki olaraq aradan qaldıra bilər. Nəticədə ictimai nəqliyyatın sürəti azalacaq və əsas məqsəd — avtobusla hərəkəti cəlbedici etmək öz əhəmiyyətini itirəcək.”

Ekspertin sözlərinə görə, beynəlxalq təcrübədə bu model əsasən taksilərin sayı ciddi şəkildə tənzimlənən və nəzarət mexanizmləri güclü olan şəhərlərdə tətbiq edilir:

“Əgər bu qərar qəbul olunarsa, yalnız çox məhdud sayda, yüksək standartlara cavab verən taksilərə, müəyyən saatlarda və xüsusi elektron nəzarət sistemi ilə icazə verilə bilər. Əks halda avtobus sürücüləri ilə taksi sürücüləri arasında münaqişələr, yol hərəkəti qaydalarının pozulması və zolaqların faktiki olaraq mənasını itirməsi qaçılmazdır.”

Ələddinzadə əlavə edib ki, avtobus zolaqlarının effektivliyi onların eksklüzivliyindən asılıdır və bu eksklüzivlik pozulduğu anda sistem öz funksiyasını itirir.

Onun fikrincə, tıxac probleminin həlli daha çox ictimai nəqliyyat parkının yenilənməsi, marşrutların optimallaşdırılması və şəxsi avtomobillərin şəhər mərkəzinə girişinin mərhələli şəkildə məhdudlaşdırılmasından keçir.

Seçilən
38
49
nocomment.az

10Mənbələr