AZ

Taksilər avtobus zolağından istifadə etsə nə olar? – Ekspertdə açıqlama


Milli Məclisdə taksilərin avtobus zolaqlarından istifadə etməsinə icazə verilməsi təklif edilib.
Yeniavaz.com
xəbər verir ki, təklif parlamentin son iclasında deputat Vasif Qafarov tərəfindən səsləndirilib.
Deputat çıxışı zamanı qeyd edib ki, “Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksilər ictimai nəqliyyat vasitəsi sayılır və beynəlxalq təcrübədə də bu model geniş şəkildə tətbiq olunur: “Təklif edirəm ki, Bakı şəhərində rəsmi platformalarda qeydiyyatdan keçmiş taksilərə avtobus zolaqlarından istifadə hüququ verilsin”.
Bəs, deputatın təklifi qəbul olunarsa, bu, şəhərdaxili nəqliyyat sistemində hansı dəyişiklikləri yarada bilər?
Nəqliyyat eksperti Adil Nəbiyev məsələ ilə bağlı Yeniavaz.com-a açıqlamasında bildirib ki, təklifin qəbul edilməsi taksi sayını artıra, nəticə etibarilə şəxsi avtomobillərdən istifadənin azalmasına səbəb ola bilər: “Bu təklif tətbiq olunsa, əlbəttə ki, şəxsi maşınlardan istifadə azalacaq. Sərnişinlər vaxtında gedib çatdıqları üçün daha çox insan taksiyə üz tutacaq. Bu yaxşıdır, amma kütləvi şəkildə tətbiq edilərsə, avtobusların hərəkətinə maneə yarana, yəni tıxac riski arta bilər. Bizə lazımdır ki, avtobuslar normal hərəkət edə bilsin”.

Adil Nəbiyev

Ekspert həmçinin Bakıda quraşdırılması davam edən “ağıllı svetafor” sisteminin prosesə təsir göstərə biləcəyini qeyd edib: “Ağıllı svetaforlar artıq test edilir. Əgər sistem effektiv olsa, tıxac olan istiqamətlərə daha çox vaxt ayrılacaq və bu, taksilərin avtobus zolaqlarına girməsinə ehtiyacı minimuma endirə bilər. Hazırda taksi ilə şəhərdaxili hərəkət bəzən 1 saata başa gəlir, bu isə yarım saata enə bilər”.
Adil Nəbiyev əlavə edib ki, tıxac problemini həll etmək üçün başqa addımlar da gündəmdədir: “Bu yaxınlarda Milli Məclisdə səsləndirilən bir məqam vardı – uzun illərdir bu mövzuda danışıqlar gedirdi. Görünür, o da öz həllini tapmaq üzrədir: iş saatları sürüşkən vaxta keçirilsin. Yəni, saat 7-də işə gələn 8 saat işləyib getsin və yaxud 9-da gələn 6-da çıxsın. Əgər bu imkanlar yaradılsa, şəhərdə ümumiyyətlə tıxacların sayı gözlə görüləcək dərəcədə azalacaq. Əsas məsələ – bunu tətbiq etməyə başlasınlar”.

Fəridə Əsədzadə
Seçilən
11
49
yeniavaz.com

10Mənbələr