AZ

Suraxanıda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il qeyd edildi - FOTO

BAKI, 29 dekabr. TELEQRAF

Suraxanı Rayon İcra Hakimiyyətinin və YAP Suraxanı Rayon Təşkilatının birgə təqdimatında “Konstitusiya və suverenlik ili” çərçivəsində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “Milli həmrəylik və dövlətçilik” adlı tədbir keçirilib.

Teleqraf xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Qaya Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar iştirak ediblər.

Tədbir Ümummilli Lider Heydər Əliyevin, suveren və müstəqil dövlətçiliyimiz uğrunda canını qurban verən qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir iştirakçılarını təbrik edib, xalqımıza cansağlığı, rifah, dövlətimizə sülh və tərəqqi arzulayıb. O, bütün dünya azərbaycanlılarının eyni amal, eyni məqsəd və vətən sevgisi ətrafında birləşdirən bu əlamətdar günün əhəmiyyətindən, o cümlədən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qazandığımız tarixi ədalətin zəfər çalmasında xalqımızın göstərdiyi birlik və həmrəyliyin bütün dünyaya sübut olunduğundan söz açıb. Adil Əliyev bildirib ki, bu həmrəylik bizim ən böyük gücümüz və gələcək uğurlarımızın əsas təminatıdır.

Bayram tədbirində YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək ən xoş arzularını, təbriklərini çatdırıb və qeyd edib ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın ümummilli ideyalar ətrafında sıx birləşməsinin, milli iradənin və vətənpərvərliyin təntənəsidir. O, bugün eyni zamanda məhz Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik və milli həmrəylik strategiyasının prezident, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini və Azərbaycanın bu siyasət nəticəsində qalib, güclü və nüfuzlu dövlətə çevrilməsini böyük qürur hissi ilə qeyd etdiyimizi vurğulayıb.

Həmçinin, Milli Məclisin deputatı Qaya Məmmədov da çıxış edərək bildirib ki, son illərdə yaşadığımız hadisələr bir daha sübut etdi ki, xalq bir olduqda, heç bir qüvvə onun iradəsini sındıra bilməz. Və xalqımızın bir bayraq altında yumruq kimi birləşməsi də təsadüf deyil – bu, milli şüurun, ictimai həmrəyliyin və dövlətə inamın nəticəsidir. Q.Məmmədov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı dövlətçilik fəlsəfəsinin əsasında məhz güclü cəmiyyət, məsuliyyətli vətəndaş və milli birlik dayanır.

Bayram tədbirində rayonun ictimai həyatında fəal iştirakına görə bir qrup şəxs Rayon İcra Hakimiyyəti başçısının və YAP Suraxanı Rayon Təşkilatının Fəxri Fərmanları ilə təltif olunublar.

Eyni zamanda, sevilən incəsənət nümayəndələrinin ifaları hər kəsə xoş bayram əhval-ruhiyyəsi yaşadıb.

Seçilən
38
50
teleqraf.com

10Mənbələr