AZ

Sağlam və vətənpərvər gəncliyin yetişdirilməsi dövlət siyasətinin mühüm tərkib hissəsidir



Müasir dövrdə idman dövlətlərin beynəlxalq mövqeyinin möhkəmləndirilməsində, cəmiyyətlərin daxili birliyinin təmin olunmasında və uzunmüddətli inkişaf strategiyalarının həyata keçirilməsində mühüm rol oynayan kompleks bir sahəyə çevrilib. 2025-ci ilin idman yekunları bu reallığı bir daha təsdiqləyir. İl ərzində əldə olunan yüksək nəticələr göstərir ki, Azərbaycanın idman sahəsində formalaşdırılmış siyasəti təsadüfi uğurlara deyil, planlı və məqsədyönlü yanaşmaya əsaslanır.

Cari il ərzində beynəlxalq arenada qazanılan minlərlə medal, o cümlədən yüzlərlə qızıl medal idmançılarımızın şəxsi zəhmətinin nəticəsi olmaqla yanaşı, ümumilikdə yaradılmış sistemin səmərəliliyini nümayiş etdirir. Bu göstəricilər idmanın strateji dövlət istiqamətlərindən biri kimi qəbul edildiyini və bu sahəyə uzunmüddətli qayğının mövcud olduğunu ortaya qoyur. İdman sahəsində əldə olunan uğurların əsas səbəblərindən biri idarəetmədə davamlılığın və ardıcıllığın qorunmasıdır. Ötən dövrdə idman strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi, federasiyaların institusional imkanlarının genişləndirilməsi və məsuliyyət mexanizmlərinin gücləndirilməsi nəticələrin keyfiyyətinə birbaşa təsir göstərib.

2025-ci ildə nəticələrin əvvəlki illərlə müqayisədə artması onu göstərir ki, tətbiq edilən modellər artıq öz bəhrəsini verməkdədir. Bu proses təkcə elit idmançılarla məhdudlaşmır, eyni zamanda ehtiyat kadrların hazırlanmasına, uşaq-gənclər idman məktəblərinin rolunun artırılmasına və idman elminin tətbiqinə xüsusi önəm verildiyini nümayiş etdirir. İdmanın inkişafı üçün infrastruktur əsas şərtlərdən biridir. Bu baxımdan, son illərdə ölkə üzrə həyata keçirilən layihələr idman mühitinin keyfiyyətcə yeni mərhələyə keçməsini təmin edib. 2025-ci ildə bölgələrdə Olimpiya İdman komplekslərinin sayının 46-ya çatması idmana əlçatanlığın genişləndirilməsi baxımından mühüm göstəricidir. Bu obyektlər yalnız yarışların keçirildiyi məkanlar deyil, eyni zamanda gənclərin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin təşviqi və sosial inteqrasiyanın gücləndirilməsi üçün funksional platformalardır. Bölgələrdə bu cür komplekslərin fəaliyyət göstərməsi mərkəzlə regionlar arasında imkan fərqinin azalmasına və idmanın kütləviləşməsinə real töhfə verir.

İdman siyasətinin ən mühüm hədəflərindən biri sağlam gənc nəslin formalaşdırılmasıdır. Fiziki cəhətdən sağlam, mənəvi baxımdan güclü gənclər olmadan nə idmanda, nə də digər sahələrdə davamlı uğur əldə etmək mümkündür. 2025-ci ildə aparılan tədbirlər gənclərin idmana marağını əhəmiyyətli dərəcədə artırıb və bu proses artıq kütləvi xarakter almaqdadır. Uşaqlıqdan idmanla məşğul olmaq vərdişinin formalaşması gələcəkdə həm peşəkar idman uğurlarına, həm də ümumilikdə sağlam cəmiyyət modelinin qurulmasına xidmət edir. Bu baxımdan, idman yalnız nəticə yönümlü deyil, strateji sosial investisiya kimi çıxış edir.

İdman gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Yarış meydanlarında nümayiş etdirilən əzmkarlıq, intizam və mübarizə ruhu gənclərin şəxsiyyət kimi formalaşmasına birbaşa təsir edir. Beynəlxalq arenalarda Dövlət Bayrağının qaldırılması cəmiyyətdə qürur hissini gücləndirir və milli özünüdərk prosesinə güclü impuls verir. Son illərin tarixi hadisələri fonunda idmançıların üzərinə düşən məsuliyyət daha da artıb. Onlar artıq yalnız fərdi nəticələrə görə deyil, həm də müzəffər xalqın nümayəndələri kimi çıxış edərək milli ruhu təmsil edirlər. 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında dövlətimizin başçısının qeyd etdiyi kimi, son 5 il ərzində bizim bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır: “Əminəm ki, idmançılar da beynəlxalq yarışlarda iştirak edən zaman bunu hiss edirlər. Ölkəmizə, xalqımıza olan münasibəti hiss edirlər və idman meydançalarına, idman arenalarına çıxarkən, yəqin ki, təbii olaraq qürur hissi ilə çıxırlar. Eyni zamanda, bizim 5 il bundan əvvəl əldə etdiyimiz şanlı Qələbə idmançıların məsuliyyətini də böyük dərəcədə artırır”.

2025-ci ildə keçirilmiş III MDB Oyunları təşkilatçılıq baxımından mühüm sınaq idi və bu mötəbər idman tədbiri uğurla başa çatıb. Yarışların bir neçə şəhərdə, o cümlədən bölgələrdə keçirilməsi ölkənin logistika, infrastruktur və idarəetmə imkanlarını nümayiş etdirib. Minlərlə xarici qonağın iştirakı ilə reallaşan bu tədbirlər ölkəyə dair müsbət beynəlxalq imicin formalaşmasında əhəmiyyətli amil kimi çıxış edir. Qonaqların yaradılmış şəraitdən və şəhərlərin simasından məmnunluğu idman tədbirlərinin diplomatik təsir gücünü bir daha göstərir.

UFC turniri, Formula 1 yarışları və digər beynəlxalq tədbirlər ölkənin qlobal idman xəritəsində mövqeyini möhkəmləndirir. Xüsusilə Formula 1 yarışlarının turizmə verdiyi töhfə rəqəmlərlə də öz təsdiqini tapır. Xarici turist axınının artması idmanın iqtisadi və imic baxımından nə qədər əhəmiyyətli olduğunu göstərir. Bu yarışlar vasitəsilə dünya auditoriyası təkcə idman mübarizəsini deyil, eyni zamanda Bakının və bölgələrin müasir simasını, inkişaf etmiş infrastrukturunu və mədəni mühitini də izləyir.

Xizək üzrə Dünya Kubokunun Şahdağda keçirilməsi idman tarixində yeni mərhələnin başlanğıcıdır. Bu tədbir ölkənin qış idman növləri üzrə potensialını beynəlxalq səviyyədə tanıdır və regionun turizm imkanlarını genişləndirir. Şahdağ Xizək Mərkəzində yaradılmış infrastruktur, yeni trasların istifadəyə verilməsi və özəl sektorun artan marağı bölgədə iqtisadi aktivliyi yüksəldir, minlərlə insan üçün yeni məşğulluq imkanları yaradır. Bu isə idmanın regional inkişafda katalizator rolunu açıq şəkildə göstərir.

2025-ci ilin idman yekunları bir daha sübut edir ki, idman artıq təkcə bir sahə deyil, dövlətin sosial, iqtisadi və humanitar siyasətinin mühüm tərkib hissəsidir. Sağlam cəmiyyətin formalaşdırılması, beynəlxalq nüfuzun möhkəmləndirilməsi, gənclərin düzgün istiqamətdə tərbiyəsi və milli birliyin gücləndirilməsi həmin siyasətin əsas nəticələridir. Bu xəttin davam etdirilməsi gələcək illərdə də idmanın ölkənin inkişaf modelində aparıcı rol oynayacağını və yeni uğurlara zəmin yaradacağını deməyə əsas verir.

Bədəl Bədəlov
Milli Məclisin deputatı




Seçilən
34
50
aia.az

10Mənbələr