Prezident İlham Əliyev dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydaları təsdiqləyib.
Aznews.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, Qaydalar dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin (bundan sonra – dövlət müəssisəsi) xalis mənfəətinin bölüşdürülməsini və dividend siyasətinin ümumi prinsiplərini, həmçinin xalis mənfəətin bölüşdürülməsinə, o cümlədən dövlət büdcəsinə dividend ödənişlərinə dair nəzarət mexanizmləri ilə bağlı hüquqi və təşkilati məsələləri tənzimləyir.
Qaydalar səhmləri ölkə hüdudlarından kənarda aparıcı birjaların listinq siyahısında yer alan dövlət müəssisəsinə şamil edilmir.
Bundan başqa, İ.Əliyev dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydalarını təsdiq edib.
Dövlət başçısının imzaladığı fərmana əsasən, Qaydalar dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin (bundan sonra – dövlət müəssisəsi) illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının monitorinqi, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili ilə bağlı hüquqi və təşkilati məsələləri tənzimləyir.
Dövlət müəssisələrinin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının monitorinqi, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlilini Maliyyə Nazirliyi həyata keçirir.
Dövlət müəssisələri bu Qaydalarda nəzərdə tutulan məlumatları və hesabatları Nazirliyə təqdim edirlər.