Dünya Bankı ilk dəfə olaraq Azərbaycanı “Business Ready – 2025” (“B-Ready”, Biznesə daxilolma) hesabatı çərçivəsində qiymətləndirib.
Bu barədə “APA-Economics” Dünya Bankına istinadən xəbər verir.
Hesabatda 101 iqtisadiyyat üzrə biznes və investisiya mühiti üç əsas blok – normativ-hüquqi baza, dövlət xidmətləri və əməliyyat səmərəliliyi üzrə təhlil edilib, həmçinin tematik istiqamətlər üzrə orta göstəricilər müəyyənləşdirilib.
Normativ-hüquqi baza üzrə Azərbaycan 71,9 bal toplayaraq 32-ci yerdə qərarlaşıb. Bu blokda ən yüksək nəticələr maliyyə xidmətləri və kommunal infrastruktur sahələrində qeydə alınıb, müəssisələrin yaradılması, mübahisələrin həlli və iflas prosedurları üzrə göstəricilər isə nisbətən sabit olub. Beynəlxalq ticarət, vergitutma, əmək resursları və bazar rəqabəti üzrə nəticələr daha mülayim qiymətləndirilib.
Dövlət xidmətləri göstəricisi üzrə Azərbaycan 62,7 balla 40-cı yeri tutub. Müəssisələrin yaradılması və maliyyə xidmətləri sahələri önə çıxsa da, beynəlxalq ticarət, bazar rəqabəti və biznesin iflası üzrə zəif göstəricilər qeydə alınıb.
Əməliyyat səmərəliliyi üzrə ölkə 63,3 bal toplayaraq 42-ci yerdə qərarlaşıb. Bu blokda müəssisələrin yaradılması prosedurları, biznesin yerləşməsi və kommunal xidmətlər yüksək qiymətləndirilib. Eyni zamanda, beynəlxalq ticarət, bazar rəqabəti və əmək resursları üzrə nəticələr zəif qalıb, biznesin iflası isə bu istiqamətdə sıfır balla qiymətləndirilib.
Ümumilikdə, Azərbaycan ən yaxşı nəticələri müəssisələrin yaradılması, maliyyə xidmətləri və kommunal xidmətlər sahələrində göstərib. Bazar rəqabəti və biznesin iflası isə hesabatda ən problemli istiqamətlər kimi qeyd olunub.