AZ

"Kəlbəcər" tankerinin lövbər zəncirinin digər tankerin pərinə ilişməsi ilə bağlı tədbirlər yekunlaşıb

İstanbulda Kiçikçəkməcə lövbər rayonunda əlverişsiz hava şəraiti səbəbindən "Kəlbəcər" tankerinin lövbər zəncirinin "Alatepe" tankerinin pərinə ilişməsi ilə bağlı aparılan tədbirlər uğurla yekunlaşıb.

Bu barədə Far.Az-ə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən (ASCO) məlumat verilib.

Bildirilib ki, əməliyyat zamanı kənar xilasetmə qüvvələrinin müdaxiləsinə ehtiyac yaranmayıb. Belə ki, "Kəlbəcər" tankerinin heyəti mühərriki işə salaraq, gəmini dayaz sudan çıxarıb və dərin suya təhlükəsiz şəkildə keçid edib.

Hadisə nəticəsində gəmiyə ziyan dəyməyib, dəniz mühitinə hər hansı zərər və ya sızma qeydə alınmayıb.

Hazırda "Kəlbəcər" tankeri istismara tam hazırdır və növbəti səfər üçün təlimat gözləyir.

***14:07

İstanbulun Florya sahillərində Kiçikçəkməcə lövbər rayonunda müşahidə olunan küləkli hava şəraiti səbəbindən "Kəlbəcər" tankerinin lövbər zənciri yaxınlıqdakı Türkiyə bayraqlı "Alatepe" tankerinin pərinə ilişib.

Far.Az xəbər verir ki, ASCO-dan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib. Mövcud təlimata uyğun olaraq, liman müfəttişliyinin heyəti əraziyə cəlb olunub.

Bildirilib ki, hazırda xidmət əməkdaşları tərəfindən hər iki gəmidə müvafiq texniki işlər aparılır və lövbər zəncirinin təhlükəsiz şəkildə buraxılması istiqamətində tədbirlər davam etdirilir. Hadisə zamanı gəmidə yük olmayıb.

Vəziyyət nəzarət altındadır, heyətin təhlükəsizliyi ilə bağlı hər hansı narahatlıq yoxdur. Xilasetmə işlərinin gedişatı ilə bağlı ətraflı məlumat veriləcək.

Xatırladaq ki, Türkiyə KİV-in məlumatına əsasən, İstanbulun Mərmərə dənizi sahillərində Azərbaycan və Türkiyə bayrağı altında üzən iki tankerdən həyəcan siqnalı daxil olub. 141 metr uzunluğundakı "Kəlbəcər" və 115 metr uzunluğundakı "Alatepe" tankerləri toqquşub. Qəzada ölən və xəsarət alanların olmadığı bildirilib.

Seçilən
51
11
far.az

10Mənbələr