AZ

Kristiano Ronaldo qol vurdu, “Əl-Nəsr” ilk dəfə xal itirdi – ARENA.AZ

Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az məlumat verir ki, ulduz futbolçu Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2025/2026-cı illər mövsümünün 12-ci turu çərçivəsində keçirilmiş “Əl-İttifaq”la oyunun iştirakçısı olub.

Ronaldonun komandası səfər oyunundan heç-heçə ilə ayrılıb – 2:2. Portuqal futbolçu bu matçda 90 dəqiqə meydanda olub, 67-ci dəqiqədə komandasının ikinci qolunu vurub.

12 turdan sonra 31 xalla “Əl-Nəsr” Səudiyyə Ərəbistanı Peşəkar Liqasının yarış cədvəlinin 1-ci pilləsində qərarlaşıb. Bir sözlə, sözügedən kollektiv cari mövsümdə ilk dəfə xal itirib. “Əl-Nəsr”in ehtiyatda təxirə salınmış bir oyunu da var.

Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 14 oyuna 13 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 120 oyun, 107 qol və 22 məhsuldar ötürmədən ibarətdir.

Kristiano Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb.

Kristiano Ronaldo 2003-cü ildən formasını geyindiyi Portuqaliya yığmasının heyətində 226 oyuna 143 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 40 yaşlı veteran hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
30
5
arena.az

10Mənbələr