Ukraynalı futbol mütəxəssisi Andrey Demçenko Azərbaycanın “Araz-Naxçıvan” komandasının baş məşqçisi vəzifəsinə təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Ukraynalı mütəxəssislə anlaşma 5 ay+1 il müddətini əhatə edir. O, bu postda bir müddət öncə istefaya göndərilmiş Elmar Baxşıyevi əvəz edib.
Məşqçilik fəaliyyətinə 2011-ci ildə başlamış Andrey Demçenko vətənində “İmeks”, “Metallurq” (Zaporoje), “Veres”, “Lvov”, “Metallist 1925”, “Bukovina” klublarında baş məşqçi kimi çalışıb. O, müxtəlif illərdə Özbəkistanın “Obod”, həmçinin Gürcüstanın “Dila” və “Dinamo” (Batumi) komandalarına da rəhbərlik edib.
50 yaşlı mütəxəssis Bakıya gələnə qədər Qazaxıstan “Jenis”inin baş məşqçisi olub. Ukraynalı baş məşqçinin köməkçiləri barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, dekabrın 21-də “Şamaxı” ilə keçirilmiş oyundan sonra istirahətə yollanmış “Araz-Naxçıvan” məşqlərini yanvarın 5-də bərpa edəcək. Komanda qış fasiləsini Bakıda keçirəcək.
Hazırlıq prosesi zamanı 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Rəqiblərdən 2-si məlumdur. “Qırmızı-ağlar” yanvarın 9-da klubun əvəzedici komandası ilə üz-üzə gələcək. Bundan 5 gün sonra – yanvarın 14-də isə sınaqçı-rəqib “Qəbələ” olacaq.
Yanvarın 18-də keçirilək matçdakı rəqiblə bağlı əlavə məlumat veriləcək.
