BAKI, 5 yanvar. TELEQRAF
Nigeriyada baş verən gəmi qəzası nəticəsində azı 25 nəfər həyatını itirib, 14 nəfər isə itkin düşüb.
Teleqraf xəbər verir ki, "Reuters"in yerli hakimiyyət orqanlarına istinadən yazdığına görə, göyərtəsində 52 sərnişin olan gəmi ölkənin şimal-şərqində yerləşən Yobe ştatında aşıb.
Ştatın Fövqəladə Hallar Agentliyinin rəhbəri Mohammed Qodje bildirib ki, indiyədək 13 nəfər xilas edilib, 25 meyit sudan çıxarılıb.
Onun sözlərinə görə, itkin düşən 14 nəfərin axtarışları davam etdirilir. Polis isə hadisənin gəmidə yaranan sızma səbəbindən baş verdiyini açıqlayıb.
Qeyd edək ki, bundan əvvəl Krit sahillərində miqrantları daşıyan qayığın qəzaya uğraması nəticəsində 18 nəfər həlak olmuşdu.