Zöhran Mamdani: “Venesuelaya qarşı hücum da, Maduro və onun ailəsinin həbsi də yanlış addımdır”
Nyu York şəhərinin yeni meri, müsəlman siyasətçi Zohran Mamdani ABŞ prezidenti Donald Trampa birbaşa zəng edərək Venesuelaya qarşı həyata keçirilən hərbi-siyasi əməliyyatı və ölkə prezidenti Nikolas Maduronun həbsi planlarını açıq şəkildə pislədiyini bildirib.
ABŞ mediasının yaydığı məlumata görə, Mamdani vəzifəsinin icrasına başlamasından cəmi bir neçə gün sonra Bruklində keçirdiyi brifinqdə sensasion açıqlama ilə çıxış edib. O bildirib ki, ABŞ administrasiyası onu əvvəlcədən Venesuelada keçiriləcək əməliyyat barədə məlumatlandırıb və Maduro ilə yanaşı onun həyat yoldaşının da məhz Nyu Yorkda həbs olunmasının planlaşdırıldığını deyib.
Nyu York meri vurğulayıb ki, bu məlumatı aldıqdan sonra ABŞ prezidentinə şəxsən telefon açıb və mövqeyini gizlətməyib:
“Mən prezident Trampa açıq şəkildə dedim ki, Venesuelaya qarşı hücum da, Maduro və onun ailəsinin həbsi də yanlış addımdır. Bu, nə beynəlxalq hüquqa, nə də ədalət anlayışına uyğundur.”
Bu açıqlama ABŞ daxilində də ciddi rezonans doğurub. Sosial şəbəkələrdə Mamdaninin Trampa qarşı bu qədər açıq və sərt mövqe sərgiləməsi “Ağ Evə meydan oxumaq” kimi qiymətləndirilir. Xüsusilə onun müsəlman kimliyi və multikultural Nyu Yorku təmsil etməsi bəyanata əlavə siyasi çəki qazandırıb.
Qeyd edək ki, Venesuela ətrafında gərginlik davam edir və ABŞ-ın bu ölkəyə qarşı həyata keçirdiyi əməliyyat beynəlxalq mediada əsas mövzudur. Nyu York merinin mövqeyi isə bu prosesə ABŞ daxilindən gələn ən açıq etirazlardan biri kimi dəyərləndirilir.
Musavat.com