AZ

Neftdən asılı ölkələr üçün risk siqnalı: Qiymətlər nə qədər düşə bilər?

Neft ehtiyatları qlobal enerji bazarlarının istiqamətini müəyyən edən ən vacib amillərdən biridir. Xəbər verdiyimiz kimi, neft ehtiyatına görə dünyada birinci olan Venesuela ABŞ-ın nəzarətinə keçib. Bu fonada, Venesuella lideri Maduronun hakimiyyətdən getməsi və İranda davam edən iğtişaşlar neft qiymətlərində kəskin ucuzlaşma riskini gündəmə gətirir.
 
Bəs bu proseslər iqtisadiyyatı neftdən asılı olan ölkələr üçün hansı nəticələr doğura bilər?
 
Moderator.az-a danışan  eft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban deyib ki, Venesuela neftinin çıxarılmasının sürətləndirilməsi, idarə edilməsi və ixracının yenidən təşkili üçün yerli hökumətin bir sıra qanunlara dəyişikliklər etməsi lazımdır:
 
“Ümumilikdə isə ABŞ şirkətlərinin Venesuelanın neft sənayesində aktivliyi üçün aralıq qərarlarla yox, legitim hakimiyyətin qərarları lazımdır. Təbii ki, buna müəyyən zaman tələb olunur. Venesuela hazırda gündəlik olaraq ortalama 900 min barel neft istehsal edir, amma ixraca yönəldilən həcmlər 700 min bareldən aşağıdır. Hazırda dünyada gündə 103 milyon bareldən çox neft hasil edilir. Yəni ümumi hasilatda Venesuelanın payı cəmi 0,87% civarındadır. İkinci tərəfdən, Venesuela neftinin 85%-i cəmi bir ölkəyə – Çinə ixrac edilir. Qalan 5%-i isə Kubaya yönəldilir. Bu, Venesuelaya qarşı ABŞ sanksiyalarının təsirindən qaynaqlanır. Yəni real olaraq digər ölkələrə təqribən gündəlik 70 min barel neft satılır. Bu da çox cüzi bir həcmdir. Venesuela neftinə dünya bazarında elə bir tələbat da olmayıb, çünki ağır və yüksək kükürdlü neftin bazarda alıcıları çox deyil; bunun üçün məhz ağır neftin emalı üçün nəzərdə tutulmuş zavodlar olmalıdır. Ona görə də Venesuela nefti xeyli ucuz qiymətə satılan neft markası hesab edilir. Hətta qısa müddətdə Venesuela neftinə qarşı sanksiyalar götürülsə, ABŞ şirkətləri orada işlərə cəlb olunsa belə, hasilatı cari ilin ortasında cəmi 25-30% artırmaq mümkündür. Bu isə qlobal bazar üçün əhəmiyyətli təsir yarada biləcək həcm deyil. Mən istisna etmirəm ki, bu həftə neft qiymətləri azalmağa başlaya bilər, çünki Venesuela hadisələrinin bazara emosional təsiri mövcuddur, amma müvəqqəti xarakter daşıyan amildir. Bazarlarda vəziyyətə daha çox OPEC+ ölkələrinin çıxardığı qərarlar və atdığı addımlar da təsir edir”.
 
Mehin Mehmanqızı
 
Seçilən
97
11
moderator.az

10Mənbələr