BAKI, 5 yanvar. TELEQRAF
Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev və Federasiya Şurasının üzvü, senator Aleksey Puşkov ABŞ Prezidenti Donald Trumpın Venesuelaya qarşı hərbi əməliyyatını qanunsuz və beynəlxalq sabitliyi pozan addım kimi qiymətləndiriblər.
Teleqraf "Reuters"a istinadən xəbər verir ki, bu açıqlamalar Trampın ABŞ-nin Venesuelaya zərbə endirdiyini, ölkə prezidenti Nikolas Maduro və onun həyat yoldaşının saxlanılaraq ölkədən çıxarıldığını bildirməsindən sonra səsləndirilib. Hadisə beynəlxalq reaksiyalara və BMT-də təcili müzakirə çağırışlarına səbəb olub.
Medvedev TASS-a açıqlamasında Trampın davranışını açıq-aşkar qanunsuz adlandırsa da, bunun ABŞ-nin milli maraqlarının qorunmasına yönəlmiş ardıcıl siyasət olduğunu bildirib. Onun sözlərinə görə, Vaşinqton Latın Amerikasını öz “arxa həyəti” kimi görür və Tramp Venesuelanın neft ehtiyatları üzərində təsir imkanları əldə etməyə çalışır.
“Əgər bu cür əməliyyat daha güclü bir dövlətə qarşı həyata keçirilsəydi, bu, açıq şəkildə müharibə aktı kimi qiymətləndirilərdi”, – deyə Medvedev vurğulayıb.
Senator Aleksey Puşkov isə bildirib ki, Trampın addımları və ritorikası diqqətçəkici olsa da, onların real effektivliyi sual altındadır. O, bu vəziyyəti ABŞ-nin vaxtilə İraq, Əfqanıstan və Liviyada vaxtından əvvəl qələbə elan etməsi ilə müqayisə edərək, həmin “uğurların” sonradan uzunmüddətli böhranlara çevrildiyini xatırladıb.
Puşkovun fikrincə, Venesuelaya hücum və prezidentin saxlanılması beynəlxalq normaların pozulmasıdır və dünyanı XIX əsrin vəhşi imperializmi dövrünə qaytarır.
Qeyd edək ki, Rusiya uzun illərdir Venesuela ilə enerji, hərbi və siyasi sahələrdə sıx əməkdaşlıq edir və Karakasa diplomatik dəstək göstərir.