Ali Məhkəmədə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və vəzifə saxtakarlığında təqsirləndirilən Dadaş Quliyevin (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Şirvan Apellyasiya Məhkəməsinin qərarı məhkumun müdafiəçisi tərəfindən verilən kassasiya şikayətinə münasibətdə dəyişdirilib. Onun barəsində təyin edilən 3 il 6 ay azadlıqdan məhrumetmə cəzası şərti hesab edilərək, ona 3 il sınaq müddəti müəyyən edilib, həbs qətimkan tədbiri ləğv olunub və Dadaş Quliyev cəzaçəkmə müəssisəsindən azad edilib. Eyni zamanda əlavə cəza kimi təyin edilmiş vəzifə tutmaq hüququndan məhrumetmə cəzasının müstəqil icra olunması qərara alınıb.
İttihama görə, Dadaş Quliyevin vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq sui-istifadə edib, nəticədə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurub, həmçinin vəzifə saxtakarlığı törədib.
Məhkəmə müəyyən edib ki, o, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkının “Seyfidor” meşəbəyliyinin 25 saylı dolayında mühafizə yegeri işləyərkən həmin meşəbəyliyin sahə müfəttişi vəzifəsini müvəqqəti icra edib. Dadaş Quliyev bu vəzifədə olarkən tabeliyində olan mühafizə yegerlərinin fəaliyyətinə nəzarət etmək, mühafizə rejimini təmin etmək, qanun pozuntularını rəsmiləşdirib rəhbərliyə məlumat vermək öhdəliyinə malik olduğu halda, 2023-cü ilin yay aylarından 2024-cü ilin mart ayınadək xidməti vəzifələrini qəsdən icra etməyib.
Belə ki, müəyyən edilməmiş şəxslər tərəfindən pul müqabilində Hirkan Milli Parkının “Seyfidor” meşəbəyliyinin müxtəlif dolaylarında ağacların qanunsuz kəsilməsinə və təbii şəkildə aşmış ağacların daşınmasına şərait yaradılıb. Nəticədə 29, 30 və 27 saylı dolaylarda ümumilikdə 93 ədəd ağac qanunsuz kəsilib, 8 ədəd təbii aşmış ağac daşınıb, təbiətə isə 47 128,01 manat məbləğində maddi ziyan vurulub. Məhkəmə bu halların xüsusi mühafizə olunan Milli Park ərazilərində ekoloji tarazlığı pozmaqla əhalinin həyat və sağlamlığı üçün təhlükə yaratdığını müəyyən edib.
Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən olunub ki, Dadaş Quliyevin 2023-cü ilin oktyabr-noyabr aylarında “Seyfidor” meşəbəyliyinin 27-ci dolayında yaş halda qanunsuz kəsilmiş ağcaqayın ağacını aşkar etməsinə baxmayaraq, törədilmiş cinayət əməllərini ört-basdır etmək məqsədilə 15 fevral 2024-cü il tarixli saxta akt tərtib edib, ağacı quru halda kəsilmiş kimi rəsmiləşdirərək rəhbərliyə təqdim edib və bununla vəzifə saxtakarlığına yol verib.
Lənkəran Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli hökmü ilə Dadaş Quliyevin Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib. Ona qismən cəzaların toplanması yolu ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə, habelə 2 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrumetmə cəzası təyin edilib. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib və o, məhkəmə iclas zalından dərhal həbs olunub. Mülki iddia təmin edilərək dəymiş ziyanın ödənilməsi qərara alınıb.
Hökmdən məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilsə də, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyul 2025-ci il tarixli qərarı ilə həmin şikayətlər təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb. Daha sonra Məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdi.
Kamal Məmmədov