Bakıda 32 yaşlı gəlinini qətlə yetirdikdən sonra meyiti parçalara bölərək zibil qutusuna atan qayınata - İdris Məhərrəmov barəsindəki qərardan yenidən verilən kassasiya şikayətinin bəzi detalları məlum olub.
Publika.az xəbər verir ki, Ali Məhkəmənin hakimi Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, məhkəmənin hökmündən məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayəti, habelə məhkumun digər müdafiəçisi tərəfindən apellyasiya şikayətinə əlavə verilib.
Bakı Apellyasiya Məhkəməsinin 28 mart 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti və ona əlavə təmin edilməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılıb.
Həmin qərardan məhkumun müdafiəçisi kassasiya şikayəti verib. Ali Məhkəmənin 15 fevral 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti İdris Məhərrəmovun öz ərizəsinə əsasən baxılmadan geri qaytarılıb.
Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin həmin 28 mart 2022-ci il tarixli qərarından müdafiəçi tərəfindən təkrar kassasiya şikayəti verilib.
Ali Məhkəmənin 23 avqust 2023-cü il tarixli qərarı ilə bu kassasiya şikayəti də məhkumun ərizəsinə əsasən baxılmadan geri qaytarılıb.
Daha sonra - 19 avqust 2025-ci il tarixdə İdris Məhərrəmovun müdafiəçisi yenidən kassasiya şikayəti verərək, eyni zamanda kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Bakı Apellyasiya Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli qərarı ilə müdafiəçinin vəsatəti təmin edilməyib.
Bu qərardan narazı qalan məhkumun müdafiəçisi kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini, habelə Bakı Apellyasiya Məhkəməsinin 28 mart 2022-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş edib.