Çərşənbə axşamı Efiopiyanın şimal-şərqində yerləşən Afar bölgəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 22 miqrant ölüb, 65 nəfər isə yaralanıb.
Hafta.az xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisə səhər saatlarında baş verib.
İlkin versiyaya görə, sürücü idarəetməni itirib və miqrantları daşıyan yük maşını yoldan çıxaraq aşıb. Yaralılar təcili olaraq yaxınlıqdakı tibb müəssisələrinə aparılıb, onların çoxunun vəziyyəti ağırdır.
Qeyd edək ki, Efiopiyalı miqrantlar son illərdə Cibutiyə gedərək, oradan isə Qırmızı dənizi keçərək Yəmən vasitəsilə Yaxın Şərqə çatmağa çalışır. Səudiyyə Ərəbistanında iş tapmaq ümidi ilə təhlükəli səfərə çıxan miqrantların bir çoxu dələduzların qurbanına çevrilir.