AZ

İctimai nəzarət formal xarakter daşımamalıdır – Hüquqşünas

İctimai şuraların sədrlərindən ibarət koordinasiya şurasının yaradılması da məqsədəuyğun olardı. Bu qurum vasitəsilə ictimai şuraların fəaliyyəti üzrə fikir və təcrübə mübadiləsi aparıla, müxtəlif sahələr üzrə kollektiv mövqe formalaşdırılaraq cəmiyyətə təqdim edilə bilər. Bu da ictimai nəzarətin real həyata keçirilməsinə töhfə verər.

Bu fikirləri Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, bu kontekstdə vətəndaş cəmiyyəti institutlarının rolu xüsusi əhəmiyyət kəsb edir. QHT-lər emosional yanaşma ilə deyil, peşəkar monitorinq və ölçülə bilən nəticələr əsasında çıxış etdikdə, onların mövqeyi həm dövlət orqanları, həm də cəmiyyət üçün daha inandırıcı olur. Sadəcə “problem var” demək kifayət deyil, problemin səbəblərini və onun aradan qaldırılması yollarını da göstərmək əsasdır:

"Hesab edirəm ki, bu istiqamətdə bilik və bacarıqlarımızı gücləndirməklə ictimai nəzarətə real məzmun verə və bu prosesdə gözləyən tərəf deyil, fəal iştirakçı kimi çıxış edə bilərik. Beləliklə, dövlətlə vətəndaş cəmiyyəti arasında bərabərhüquqlu tərəfdaşlıq imkanları genişlənə bilər. Məsələn, dövlət xidmətlərinin keyfiyyəti üzrə aparılan ictimai monitorinqlər, qərarların icra vəziyyətinin müqayisəli təhlili, vətəndaş müraciətlərinin sistemli araşdırılması məmurlar üçün aydın mesajdır: fəaliyyət kağız üzərində deyil, real nəticələrlə ölçülür. Bu cür nəzarət mexanizmləri formal yanaşma sindromunu zəiflədir və şəffaflıq mühitini gücləndirir".

Hüquqşünas həmçinin bildirib ki, nəticə etibarilə, ictimai nəzarət dövlət idarəçiliyini zəiflədən deyil, onu gücləndirən amildir:

"Cənab Prezident də çıxışlarında və son müsahibəsində bunu aydın şəkildə vurğuladı. İctimai nəzarət real işlədikdə, dövlət daha çevik və daha məsuliyyətli olur, məmur–vətəndaş münasibətlərində etimad artır, qərarların keyfiyyəti yüksəlir və idarəetmə daha rasional xarakter alır. Prezidentin müsahibəsində vurğuladığı əsas məqam da məhz budur".

 

Pərvanə Fərhadqızı

Seçilən
40
2
qht.az

3Mənbələr