AZ

Hüquqşünas Əliməmməd Nuriyev: İctimai şuraların koordinasiya şurası yaradılmalıdır

"Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə ictimai nəzarəti açıq şəkildə qərarların formalaşmasına təsir edən amil kimi qeyd etməsi təsadüfi yanaşma deyil. Çünki cənab Prezident bütövlükdə qərarların formalaşmasına təsir edən amillər sırasında təkcə rəsmi dövlət kanallarından gələn məlumatların deyil, həm də cəmiyyətdən gələn mesajların mühüm rol oynadığını vurğuladı. Bu mesajlar daha obyektiv və daha hərtərəfli qərarların qəbul edilməsinə təsir göstərir".

Bu fikirləri Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, bu, əslində dövlət idarəçiliyində cəmiyyətlə geri əlaqə mexanizminin real şəkildə işlədiyini göstərən mühüm mərhələnin göstəricisidir. Yəni əks-əlaqə sisteminin artıq formalaşması deməkdir. Əvvəllər bir çox hallarda vətəndaş müraciətləri ya nəticəsiz qalırdı, ya da çox zəif təsir göstərirdi. Hazırda isə bu mexanizm əsas kanallardan birinə çevrilib və biz bunun artıq Prezident səviyyəsində konkret nəticələrini görürük. Bu, olduqca əhəmiyyətli bir faktordur:

"Praktika göstərir ki, ictimai nəzarət formal xarakter daşımadığı, yəni yalnız bəyanat və ya epizodik reaksiya səviyyəsində qalmadığı hallarda məmur davranışına birbaşa təsir edir. Məmur anlayır ki, onun fəaliyyəti təkcə inzibati rəhbərlik tərəfindən deyil, eyni zamanda ictimai rəy tərəfindən də qiymətləndirilir. Bu isə istər-istəməz məsuliyyət hissini artırır və dövlət qulluqçusunun davranışına təsir göstərir. Xüsusilə son illərin təcrübəsi göstərir ki, müəyyən sahələrdə ictimai müzakirə və tənqid intensivləşdikcə həm qərarların dili, həm də icra mexanizmləri dəyişməyə başlayır. Burada söhbət qorxu yaratmaqdan deyil, məlumat vermək və hesabatlılıq zərurətindən gedir. Bu isə məmurlar üçün yeni davranış modelinin formalaşması deməkdir".

Əliməmməd Nuriyev xatırladıb ki, “İctimai iştirakçılıq haqqında” Qanun cənab Prezident tərəfindən 2013-cü ildə imzalanıb və 2014-cü ildə qüvvəyə minib. Bu istiqamətdə yeni institusional struktur formalaşdı və ictimai şuralar yaradılmağa başlandı. Eyni zamanda ictimai nəzarətin müxtəlif formaları tətbiq olundu: ictimai müzakirələr, ictimai dinləmələr, rəy və sorğuların keçirilməsi, məsləhətləşmələr və dövlət qurumları ilə dialoq bu nəzarətin əsas alətləri oldu:

"Doğrudur, bu qanun hələ tam şəkildə işlək vəziyyətdə deyil və tətbiqində bir sıra problemlər qalmaqdadır. Lakin bu istiqamətdə həm qanunvericiliyin təkmilləşdirilməsi, həm də real praktikanın yaxşılaşdırılması istiqamətində addımlar atılır. Ümumilikdə hesab edirəm ki, ictimai iştirakçılığın səviyyəsinin artırılması olduqca vacibdir. Hətta düşünürəm ki, Prezident yanında İctimai Nəzarət Palatasının və ya Nazirlər Kabineti yanında belə bir qurumun yaradılmasına ehtiyac var. Bu təsisat çərçivəsində vətəndaş cəmiyyəti, ekspertlər və akademik dairələrin nümayəndələri ölkə miqyasında mövcud problemlərlə bağlı birbaşa birinci şəxslərə məlumat təqdim edə bilərlər. Bu isə proseslərə real və ciddi təsir göstərə, ictimai nəzarətin əhəmiyyətini daha da artıra bilər".

 

Əliməmməd Nuriyev bildirib ki, ictimai şuraların sədrlərindən ibarət koordinasiya şurasının yaradılması məqsədəuyğun olardı. O vurğulayıb ki, belə bir qurum vasitəsilə ictimai şuraların fəaliyyəti üzrə fikir və təcrübə mübadiləsi aparıla, müxtəlif sahələr üzrə kollektiv mövqe formalaşdırılaraq cəmiyyətə təqdim edilə bilər. Bu isə ictimai nəzarətin real həyata keçirilməsinə mühüm töhfə verər:

"Bu kontekstdə vətəndaş cəmiyyəti institutlarının rolu xüsusi əhəmiyyət kəsb edir. QHT-lər emosional yanaşma ilə deyil, peşəkar monitorinq və ölçülə bilən nəticələr əsasında çıxış etdikdə, onların mövqeyi həm dövlət orqanları, həm də cəmiyyət üçün daha inandırıcı olur. Sadəcə “problem var” demək kifayət deyil, problemin səbəblərini və onun aradan qaldırılması yollarını da göstərmək əsasdır.

Hesab edirəm ki, bu istiqamətdə bilik və bacarıqlarımızı gücləndirməklə ictimai nəzarətə real məzmun verə və bu prosesdə gözləyən tərəf deyil, fəal iştirakçı kimi çıxış edə bilərik. Beləliklə, dövlətlə vətəndaş cəmiyyəti arasında bərabərhüquqlu tərəfdaşlıq imkanları genişlənə bilər. Məsələn, dövlət xidmətlərinin keyfiyyəti üzrə aparılan ictimai monitorinqlər, qərarların icra vəziyyətinin müqayisəli təhlili, vətəndaş müraciətlərinin sistemli araşdırılması məmurlar üçün aydın mesajdır: fəaliyyət kağız üzərində deyil, real nəticələrlə ölçülür. Bu cür nəzarət mexanizmləri formal yanaşma sindromunu zəiflədir və şəffaflıq mühitini gücləndirir".

Hüquqşünas həmçinin bildirib ki, nəticə etibarilə, ictimai nəzarət dövlət idarəçiliyini zəiflədən deyil, onu gücləndirən amildir:

"Cənab Prezident də çıxışlarında və son müsahibəsində bunu aydın şəkildə vurğuladı. İctimai nəzarət real işlədikdə, dövlət daha çevik və daha məsuliyyətli olur, məmur–vətəndaş münasibətlərində etimad artır, qərarların keyfiyyəti yüksəlir və idarəetmə daha rasional xarakter alır. Prezidentin müsahibəsində vurğuladığı əsas məqam da məhz budur".

Seçilən
5
2
qht.az

3Mənbələr