AZ

Psixologiyaya görə eyni hekayəni daim təkrar etmək nə deməkdir?

ain.az bildirir, Milli.az saytına əsaslanaraq.

Hamımızın ətrafında eyni hadisəni dönə-dönə danışan kimsə mütləq var. Psixologiya elmi bizə göstərir ki, bu davranış sadəcə unutqanlıq və ya sosial bacarıq çatışmazlığı deyil.

Milli.Az xəbər verir ki, bunun arxasında olduqca dərin psixoloji mexanizmlər dayanır.

1. Zehni sxemlər və "Avtopilot" rejimi

Psixologiyada "sxem" anlayışı uşaqlıqda formalaşan və böyüklük həyatımızı səssizcə idarə edən inanc sistemləridir. Məsələn, uşaqkən hər səhvində sərt tənqid olunan birində "mən yetərincə yaxşı deyiləm" sxemi yaranır.

Beynimiz həmişə haqlı olduğunu sübut etməyə çalışır. "Mənə həmişə laqeyd yanaşırlar" sxemi olan biri, iş yerində rəhbərinin ona əhəmiyyət vermədiyi o anı mininci dəfə danışarkən əslində beynindəki o köhnə sxemi yenidən emal edir. O, hər danışanda beyninə bu sualı verir: "Həqiqətənmi mən dəyərsizəm?"

2. Qarşılanmamış emosional ehtiyaclar

Cun Boulbinin (John Bowlby) Bağlanma Nəzəriyyəsinə görə, hamımızın sevilmək, görülmək və təqdir olunmaq kimi təməl ehtiyacları var. Əgər bu ehtiyaclar vaxtında qarşılanmayıbsa, təkrar olunan hekayələr bir növ "emosional SOS" siqnalına çevrilir:

Köhnə sevgilisinin xəyanətini daim danışan dostunuz, əslində sizdən "Bəli, sənə qarşı haqsızlıq edilib, sən önəmlisən" sözlərini eşitmək istəyir. O, hər dəfə danışanda şüuraltı olaraq ümid edir ki, bu dəfə kimsə o uşaqlıq boşluğunu dolduracaq düzgün sözləri deyəcək.

3. Neyrobiologiya: Beyindəki "Magistral Yollar"

Neyrologiyadakı Hebb qaydasına görə, birlikdə aktivləşən neyronlar bir-birinə bağlanır. Bir hekayəni nə qədər çox danışsanız, beyindəki o sinir yolları bir o qədər güclənir və "neyral magistrala" çevrilir.

Beyin həll olunmamış emosional təcrübəni təkrar etməklə onu mənalandırmağa və "arxivə" qoymağa çalışır. Bu, kompüterin xarab olmuş bir faylı dəfələrlə açmağa çalışmasına bənzəyir.

4. Ruminasiya: Beynin "Saqqız Çeynəməsi"

Ruminasiya - eyni problemlər üzərində heç bir həll yoluna varmadan takıntılı şəkildə düşünməkdir. Təkrar olunan hekayələr daxili ruminasiyanın xarici təzahürüdür. Bu, qaçış aparatının üzərində yerimək kimidir; hərəkət var, amma irəliləyiş yoxdur.

Bu davranış aşağıdakı hallarda peşəkar müdaxilə tələb edə bilər:

Həyat keyfiyyəti pozulduqda;

Münasibətlər ciddi zərər gördükdə;

Davranış idarəolunmaz (obsesiv) hala gəldikdə;

Travma əlamətləri (kabuslar, qaçınma) ilə müşayiət olunduqda. Belə hallarda EMDR və ya Sxem Terapiyası kimi üsullar bu döngünü qırmağa kömək edə bilər.

Necə dinləməli?

Biri eyni hekayəyə başlayanda "Yenə başladı" demək əvəzinə, empati qurun. Hekayənin özünə deyil, daşıdığı duyğuya fokuslanın: "Görünür, o hadisə səni həqiqətən çox incidib". Lakin öz psixi sağlamlığınızı qorumaq üçün nəzakətlə sərhədlər qoymağı da unutmayın.Lalə Qüdrətova

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
46
1
news.milli.az

10Mənbələr