İranda 2022-ci ildən Mahsa Əmininin əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra həyatını itirməsi ilə başlayan kütləvi etiraz aksiyaları yenidən alovlanıb. İlk mərhələdə qadın hüquqları və məcburi hicaba etiraz kimi ortaya çıxan “Mahsa Əmini aksiyaları” qısa müddətdə ölkənin müxtəlif şəhərlərinə yayılaraq ümumxalq narazılığına çevrilmişdi.
Yeni Sabah" xəbər verir ki, “Qadın, Həyat, Azadlıq” şüarı altında formalaşan etirazlar təkcə sosial məhdudiyyətlərə deyil, eyni zamanda İran İslam Respublikasının idarəetmə modelinə qarşı yönəlmiş siyasi tələbləri də gündəmə gətirdi.
Bu etiraz dalğası sonrakı illərdə səngimədi, əksinə, mərhələli şəkildə yeni məzmun qazandı. 2025-ci ilin sonlarından başlayan son aksiyalar göstərir ki, İran cəmiyyətində narazılıq artıq yalnız vətəndaş haqları ilə məhdudlaşmır. Dərinləşən iqtisadi böhran, milli valyutanın sürətlə dəyər itirməsi, yüksək işsizlik və sosial rifahın kəskin pisləşməsi etirazların əsas hərəkətverici qüvvəsinə çevrilib.
Ötən ilin son günlərində Tehran bazarından başlayan və qısa zamanda 10-larla əyalətə yayılan etirazlar Mahsa Əmini hadisəsindən sonra ölkədə qeydə alınan ən geniş ictimai etiraz dalğasıdır.
Mövcud proseslər İranda sosial etirazların yeni bir dövrə daxil olduğunu göstərir.
1979-cu ilin 11 fevralından İranda hakim olan teokratik rejim üçün hadisələrin növbəti, yoxsa son siyasi böhran olub-olmayacağı sualını ortaya çıxarır: İranda hakimiyyətinin 47-ci ilinin sonuna yaxınlaşan İslam rejimi 48-ci ilinə keçə biləcəkmi, yoxsa bir çox analitiklərin ölkədə rejim dəyişikliyinin qaçılmaz olduğu ilə bağlı ehtimalları, nəhayət reallaşacaq?
Yeni etiraz dalğasının əsas səbəbləri
İranda son aylarda müşahidə olunan etiraz aksiyaları ölkənin uzun illərdir yığılan sosial, iqtisadi və siyasi problemlərinin artıq idarəolunmaz həddə çatdığını göstərir. 2022-ci ildə Məhsa Əmininin ölümü ilə başlayan və əsasən sosial azadlıqlar, qadın hüquqları fonunda formalaşan etiraz dalğası bu dəfə daha geniş sosial bazaya söykənir. Bu da onunla bağlıdır ki, hazırkı etirazların mərkəzində təkcə siyasi tələblər deyil, eyni zamanda iqtisadi çöküş, sosial ədalətsizlik və dövlət institutlarına inamsızlıq dayanır.
Son illərdə İran rialının sürətlə dəyər itirməsi, inflyasiyanın rəsmi rəqəmlərə görə belə, 50 faizi keçməsi, işsizliyin artması və orta təbəqənin faktiki olaraq yoxa çıxması cəmiyyətdə dərin narazılıq yaradıb. Ekspertlərin hesablamalarına görə, əhalinin böyük əksəriyyəti minimum yaşayış səviyyəsindən aşağı şərtlərdə yaşayır. Bu isə etirazların qısa müddətli deyil, davamlı və dalğavari xarakter almasına zəmin yaradır.
Etiraz aksiyaları əvvəlcə Tehran, İsfahan, Şiraz kimi iri şəhərlərdə müşahidə olunsa da, qısa müddət ərzində İranın Azərbaycan əyalətlərinə də yayılıb. Sosial şəbəkələrdə yayılan videolarda Azərbaycan şəhərlərində etirazların daha sərt şüarlarla müşayiət olunduğu görünür.
Tarixi yaddaş və Pəhləvi faktoru
Xüsusilə “Azərbaycan şərəfdir, bəsici bişərəfdir” və “Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir” kimi şüarlar Güney Azərbaycanda etirazların təkcə iqtisadi çərçivədə olmadığını göstərir. Bu şüarlar bir tərəfdən rejimin repressiv mexanizmlərinə, digər tərəfdən isə İran tarixində Azərbaycan türklərinə qarşı aparılmış siyasətə etirazın ifadəsidir.
Qeyd etmək lazımdır ki, bəsicilər İranda, əsasən, daxili etirazların yatırılmasında, küçə nəzarətində və rejimin ideoloji dayağı kimi çıxış edən yarımhərbi könüllü qüvvədir. Güney Azərbaycanda bu strukturun açıq şəkildə hədəfə alınması etirazların milli və siyasi xarakter daşıdığını göstərir.
Güney Azərbaycanda etirazların məzmununu formalaşdıran əsas amillərdən biri tarixi yaddaşdır. Pəhləvi dönəmində Azərbaycan türklərinə qarşı həyata keçirilən assimilyasiya siyasəti, ana dilində təhsilin qadağan edilməsi, mədəni repressiyalar və 1945–46-cı illərdə Milli Hökumətin süqutundan sonra baş verən hadisələr tarixi yaddaşlarda dərin iz buraxıb.
Bu səbəbdən son illər xaricdən təşviq edilən “Pəhləvi alternativi” ideyası Güney Azərbaycanda ciddi ictimai dəstək qazanmır. Etirazlarda Pəhləvi əleyhinə şüarların səsləndirilməsi də bunu təsdiqləyir. Azərbaycanlı etirazçılar üçün əsas məsələ monarxiya və ya teokratik rejim seçimi deyil, milli, mədəni və siyasi haqların tanınmasıdır.
Rejim dəyişikliyi mümkündürmü?
Siyasi şərhçilər hazırkı vəziyyətlə bağlı bir neçə ssenari irəli sürür. Bunlardan biri rejim daxilində nəzarətli dəyişiklik ehtimalıdır. Bu ssenariyə görə, sistem öz mövcudluğunu qorumaq üçün müəyyən kosmetik islahatlara gedə, hakimiyyət daxilində balansları dəyişə bilər.
“Yeni Sabah”a müsahibəsində ABŞ-də yaşayan İran məsələri üzrə siyasi şərhçi Kərim Əsgəri deyib ki, hazırkı mərhələdə hansı ssenarinin reallaşacağını qəti demək çətindir.
“Fərq ondadır ki, bu dəfə İran cəmiyyətinin böyük hissəsi itirəcək heç nəyi qalmadığı düşüncəsi ilə hərəkət edir”, - ekspert bildirib.
Siyasi şərhçinin fikrincə, İranda son 6-7 il ərzində baş verən etirazlar, əsasən, iqtisadi səbəblərlə başlasa da, zamanla birbaşa rejimi hədəfləyən siyasi xarakter alıb.
“Artıq etirazçıların tələbi açıqdır - İran dini rejiminin hakimiyyətdən getməsi istənilir. Bu artıq mübahisə mövzusu deyil”, – deyə o qeyd edir.
Siyasi şərhçi hesab edir ki, ABŞ-nin prezidenti Donald Trampın “İran etirazçıları kütləvi şəkildə öldürməyə başlasa, ABŞ tərəfindən sərt şəkildə vurulacaq” açıqlaması da Tehranı daha ehtiyatlı davranmağa məcbur edib. Onun fikrincə, bu ehtiyatlılığın səbəbi təkcə Trampın xəbərdarlığı deyil, həm də İranda daxili siyasi vəziyyətin getdikcə ağırlaşmasıdır.
Kərim Əsgəri rejim dəyişikliyi ehtimalını tam istisna etmir, lakin bu mövzuda danışmağın hələ tez olduğunu vurğulayır.
“Rejim dəyişikliyi ehtimallardan biridir. Amma bu dəyişiklik rejimdaxili islahatlarla da məhdudlaşa bilər. Venesuela ssenarisi də mümkündür, Suriya tipli dəyişiklik də. Hadisələrin gedişatı hər an fərqli ssenari yarada bilər”, – deyə o bildirir.
K.Əsgərinin sözlərinə görə, əvvəlki etirazlarda xalq çox sərt şəkildə susdurulurdu, lakin bu dəfə vəziyyət fərqlidir. İşsizliyin yüksək səviyyədə olması, əhalinin 80-90 faizinin yoxsulluq və aclıq həddində yaşaması insanlarda “itirəcək heç nə qalmayıb” psixologiyasını formalaşdırıb.
Şərhçi hesab edir ki, İranın Yaxın Şərqdə formalaşdırdığı proksi qüvvələrin ağır zərbələr alması və İranın artıq onları əvvəlki kimi maliyyələşdirə bilməməsi rejimin ideoloji dayaqları da “ciddi şəkildə sarsılıb”.
“İsrail və ABŞ müdaxiləsindən sonra bu qüvvələrin böyük hissəsi faktiki olaraq darmadağın edilib”, – deyə K.Əsgəri bildirib.
Kərim Əsgəri vurğulayır ki, hazırda etirazların əsas hədəfi prezidentlik institutu yox, din alimlərindən formalaşan Vilayəti-fəqih institutu və birbaşa Ayətullah Seyyid Əli Hüseyni Xamneyinidir.
Siyasi şərhçi prezident Məsud Pezeşkianla mühafizəkar qüvvələr arasında ciddi fikir ayrılığının olduğuna da diqqət çəkib. Onun fikrincə, illərdir, ölkədəki bütün problemləri Qərb və ABŞ-la əlaqələndirən mühafizəkar diskursa qarşı prezident Məsud Pezeşkian fərqli mövqe ortaya qoyub.
“Pezeşkian açıq dedi ki, problemlər Qərblə deyil, daxildəki sistemli yanlışlarla bağlıdır”, – deyə şərhçi xatırladır.
Güney azərbaycanlıları faktoru tarixən İranın ictimai-siyasi proseslərində həlledici yerə sahib olub.
Kərim Əsgəri deyir ki, cənubi azərbaycanlılar son illərdə getdikcə daha aydın siyasi mövqe sərgiləyirlər. Onun fikrincə, fars millətçiliyinin güclənməsi fonunda türk milli şüurunun yüksəlməsi bu bölgədə ehtiyatlı, amma prinsipial mövqe formalaşdırıb.
“Əgər rejim dəyişikliyi olacaqsa, cənubi azərbaycanlılar da öz haqlarını müəyyən səviyyədə tələb edəcəklər”, – deyə o vurğulayır.
K.Əsgəri qeyd edir ki, Tehran mərkəzli etirazlarda önə çıxan bəzi qüvvələr – xüsusilə Pəhləvi tərəfdarları - Cənubi Azərbaycanda tarixi səbəblərə görə isti qarşılanmır. Qacar sonrası dövrdə baş verən hadisələr, sürgünlər və iqtisadi zəiflətmə siyasəti hələ də yaddaşdan silinməyib.
“Tehranda səslənən şüarlarla Təbrizdə səslənən şüarlar arasında ciddi fərqlər var. Bu da farslarla azərbaycanlılar arasında baxış ayrılığının dərin olduğunu göstərir”, - deyə Kərim Əsgəri bildirib.
O hesab edir ki, gələcəkdə xarici güclər bu fərqli qrupları bir araya gətirməyə çalışa bilər, lakin bu halda da cənubi azərbaycanlılar öz milli və siyasi haqlarını mütləq şəkildə gündəmə gətirməlidirlər.
Bakı və Ankaranın nə deyəcək?
İranda baş verən proseslər region ölkələri, xüsusilə Azərbaycan üçün diqqətlə izlənilən məsələdir. Rəsmi Bakı İranın daxili işlərinə qarışmamaq prinsipini əsas götürür və açıq siyasi mövqe nümayiş etdirməkdən çəkinir. Bununla belə, Prezident İlham Əliyevin İranda yaşayan azərbaycanlıların milli-mədəni hüquqlarının qorunmasının vacibliyi ilə bağlı mövqeyi Güney Azərbaycanda diqqətlə izlənilir.
2022-ci ilin noyabrında Bakıda keçirilən bir beynəlxalq konfransda prezident İlham Əliyevin verdiyi “İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik” bəyanatı, şübhəsiz ki, Güney Azərbaycan siyasi-milli hərəkatının güclənməsində və daha inamlı olmasında müstəsna təsiri olub.
Ötən ilin iyununda İsrailin İranın nüvə obyektlərini bombaladığı günlərdə rəsmi Bakının müxtəlif diplomatik kanallarla Güney Azərbaycanda mülki əhalinin təhlükəsizliyinə dair İsrailə müraciiət etməsi ilə bağlı mətbuata sızdırılan xəbərlər də Güney Azərbaycan milli oyanış hərəkatı üçün önəmli mesaj idi.
İlhamə Qasımlı
Telegram kanalımız