İranda son günlər yaşanan hadisələr həm daxili sabitliyi, həm də bölgənin gələcəyini müəyyən edəcək həlledici mərhələyə daxil olub. Ölkənin müxtəlif şəhərlərində başlayan etirazların sosial-iqtisadi narazılıqla məhdudlaşmadığı artıq aydındır.
Xüsusilə Təbrizin və ümumiyyətlə Güney Azərbaycanın meydanlara çıxması prosesin xarakterini dəyişdirib və rejim əleyhinə dalğanın sürətlənməsinə səbəb olub. Digər bölgələrdə əsasən iqtisadi şüarlar səslənsə də, Güney Azərbaycan əhalisinin milli kimlik, siyasi azadlıq və milli hökumət tələbi artıq post-rejim dövrünün yaxınlaşdığını göstərir. Bu, təkcə İran daxilində etirazın mahiyyətini fərqli istiqamətə yönəltmir, həm də milyonlarla azərbaycanlının gələcəyini birbaşa əlaqələndirdiyi üçün Azərbaycan dövləti üçün taleyüklü məsələyə çevrilir. Bakı rəsmi şəkildə İranın daxili işlərinə qarışmır, lakin bu proseslərin nəticələrinin Azərbaycan üçün doğura biləcəyi yeni reallıqlar nəzərə alınaraq post-rejim mərhələsinə hazır olmaq zərurəti daha açıq görünür. Güney Azərbaycan bu reallığın ən strateji elementi kimi gündəmdədir və Qarabağ məsələsinə bənzər şəkildə milli taleyin bir hissəsinə çevrilməkdədir.
Mövcud vəziyyət yalnız daxili etirazlarla bitmir. İran rəhbərliyinin son açıqlamaları rejimin etirazları artıq təhlükəsizlik problemi kimi gördüyünü göstərir. Ali lider Əli Xameneinin çıxışında ABŞ-ı 12 günlük müharibə dövründə minlərlə iranlının qanına bais olmaqda ittiham etməsi və ölkə daxilindəki dağıntıları xarici agentlərlə əlaqələndirməsi daxildəki qəzəbi “xarici düşmən” ritorikası ilə boğmaq cəhdidir. Rejim üçün ənənəvi müdafiə mexanizmi yenidən işə düşüb və Xamenei bütün iranlıları birliyə çağıraraq narazılıqların arxasında ABŞ-ın dayandığını iddia edir. Bu ritorika təsadüfi deyil, çünki ABŞ və İsrailin son açıqlamaları hərbi müdaxilə ehtimalını gündəmə qaytarıb. İsrailin İranın ballistik raket proqramına yenidən start verdiyini deməsi, Trampın “etirazçılar öldürülərsə, müdaxilə edəcəyik” xəbərdarlığı, ABŞ-ın hərbi təyyarələri və xüsusi təyinatlılarının Avropadakı bazalara köçürülməsi 12 günlük müharibədən əvvəl olduğu kimi eyni aktivləşməni xatırladır. Diplomatik danışıqların nəticəsiz qalması və İranın nüvə proqramından geri çəkilməməsi hərbi ssenarinin gündəmdə qalmasına səbəb olur.
Bununla yanaşı, belə bir vaxtda müdaxilənin nə qədər realist olduğu qaranlıqdır. Çünki, hərbi zərbə rejimə daxili təbliğat üçün əlavə ideoloji silah verə və etirazların xarici müdaxiləyə qarşı “milli müqavimətə” çevrilməsinə səbəb ola bilər. Lakin bu dəfə situasiya əvvəlki kimi deyil. İranda etirazlar artıq kütləvi zorakılıqla qarşılanır, ölənlər var və xalqın böyük hissəsi rejimi qorumağa hazır görünmür. Əksinə, hakimiyyətin sərt reaksiyası ABŞ müdaxiləsini “xarici hücum” kimi deyil, “rejimin qəddarlığına qarşı qurtuluş” kimi qavrama ehtimalını artırır. Vaşinqton da 12 günlük müharibənin nəticələrini nəzərə alaraq müdaxilə strategiyasını dəyişdirməyə cəhd edə bilər.
Bütün bunların fonunda İran daxilində siyasi səhnənin də aktivləşməsi diqqət çəkir. Xomeyninin nəvəsi Həsən Xomeyninin qəfil fəallaşması, iqtisadi problemləri açıq şəkildə dilə gətirməsi və SEPAH tərəfindən dəstəklənməsi sistem daxilində yeni balans axtarışının əlamətidir. Eyni zamanda Xameneinin vaxtilə varis siyahısına daxil etdiyi namizədlər üzərində yenidən məsləhətləşmələr aparıldığı, siyahının yeniləndiyi və bu siyahıya reformist qanadın əsas simalarından olan Məhəmməd Xatəminin də daxil edildiyi barədə məlumatlar dolaşır. Xatəminin varis kimi nəzərdən keçirilməsi teokratik sistem üçün kəskin dönüş olardı, çünki o, həm Qərbə daha yaxın siyasətin tərəfdarıdır, həm də İran daxilində geniş sosial dəstəyə malikdir. Bu ideya Xamenei sonrası dövr üçün ehtimal edilən siyasi transformasiyanın işarəsi sayıla bilər.
İran bu gün həm daxili, həm xarici təzyiqlərin kəsişməsində ən kritik dönəmini yaşayır. Etirazlar dərinləşdikcə və Güney Azərbaycan meydanlarda daha güclü səsləndikcə rejimin manevr imkanları daralır. Region üçün isə bu prosesin nəticələri dövlət sərhədlərindən kənara çıxan strateji dəyişikliklərə yol açacaq. Azərbaycana təsiri isə həm milli təhlükəsizlik, həm də tarixi məsuliyyət baxımından xüsusi əhəmiyyət daşıyır. Ona görə də İranın gələcək siyasi strukturunda baş verə biləcək dəyişikliklər təkcə Tehranın daxili tarazlığı yox, Cənubi Qafqazın siyasi xəritəsini yenidən formalaşdıra biləcək gücə malikdir.
Züriyə Qarayeva