AZ

İranda hakimiyyət devrilsə, Güney Azərbaycan müstəqil olacaq? – VACİB AÇIQLAMA

Güney Azərbaycanda son dövrlər müşahidə olunan etiraz aksiyaları regionda və ümumilikdə İranda gedən proseslərin yeni mərhələyə keçdiyini göstərir. Bəs, bu aksiyalar yerli siyasi, sosial və iqtisadi gərginliyin nəticəsi kimi görünür, yoxsa daha geniş milli hərəkatın başlanğıcıdır?

Baş verən hadisələrin mahiyyəti ilə bağlı KONKRET.az-a danışan politoloq Taleh Əliyev bildirib ki, bu aksiyaları təkcə lokal sosial-iqtisadi narazılıqlar çərçivəsində qiymətləndirmək doğru olmaz.

Onun sözlərinə görə, 1979-cu ildə İranda baş verən hakimiyyət dəyişikliyindən sonra Güney Azərbaycan milli fəallarına qarşı sistemli təzyiqlər həyata keçirilib, bu istiqamətdə fəaliyyət göstərən çoxsaylı soydaşlarımız edam edilib və ya ölkədən didərgin salınıb. Məhz bu səbəbdən bu gün İranda, xüsusilə Güney Azərbaycanda bütün toplumları əhatə edə biləcək güclü və mərkəzləşmiş milli təşkilatların olmaması reallıqdır.

Politoloq hesab edir ki, hazırkı texnoloji imkanlar və xüsusilə xaricdə yaşayan güneyli soydaşların fəallığı mövcud həssas mərhələdə mühüm rol oynaya bilər:

“Güney azərbaycanlılar təkcə öz bölgələrində deyil, Tehran, İsfahan, Məşhəd və digər böyük şəhərlərdə də kompakt şəkildə yaşayırlar. Bu coğrafiyanı əhatə edəcək ümummilli hərəkatın formalaşdırılması artıq yubadılmamalıdır”.

Bu

Taleh Əliyevin fikrincə, hazırda İranda gedən proseslər molla rejiminin sonu və ölkə üçün yeni dövrün başlanğıcı kimi qiymətləndirilə bilər. O, Qərb dairələri tərəfindən İranın son şahının oğlunun alternativ siyasi fiqur kimi təqdim edilməsinə də toxunaraq bildirib ki, şah dövründə İranda yaşayan xalqlara, o cümlədən azərbaycanlılara qarşı törədilən qətliamlar hələ də unudulmayıb və bu, yeni dayanıqlı hakimiyyətin formalaşmasını şübhə altına alır.

Politoloq vurğulayıb ki, molla rejimindən sonrakı “post-İran” dövründə güneyli soydaşlarımızın tarixi Azərbaycan torpaqlarını, azərbaycanlıların və digər türkdilli xalqların – xüsusilə qaşqaylar, xorasan türkləri və türkmənlərin yaşadığı əraziləri əhatə edən ciddi siyasi gücə çevrilməsi son dərəcə vacibdir.

Onun sözlərinə görə, bu proseslərdə Azərbaycanın özündə də bütöv Azərbaycan və türkçü təfəkkürlü insanların müəyyən qədər fəallığı zəruridir. Eyni zamanda Güney Azərbaycanda yaşayan siyasi ekspertlərin gələcək addımlarla bağlı təklifləri ictimailəşdirilməli, geniş müzakirələr açılmalıdır.

Taleh Əliyev qeyd edib ki, hadisələrin gedişi İranda yeni mərhələnin başlandığını göstərir və yaranan fürsət təkcə Güney Azərbaycan türkləri deyil, bütövlükdə Azərbaycan xalqı tərəfindən maksimum dərəcədə dəyərləndirilməlidir:

“Bu fürsətdən növbəti yüzilliklərdə dövlətimizin və millətimizin faydalanması üçün əsas vəzifə güney azərbaycanlıların təşkilatlanmasıdır”.

Politoloq əlavə edib ki, Güney Azərbaycanda soydaşlarımıza qarşı mümkün silahlı təxribatlar baş verərsə, buna cavab verəcək çevik qüvvələrin formalaşması da qaçılmazdır. Onun sözlərinə görə, artıq İranda baş verən etirazlarda silahlı qrupların mövcudluğu müşahidə olunur və uzun illərdir kürdlər və bəlucların silahlanması xarici dairələrin himayəsi ilə sistemli şəkildə həyata keçirilir.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
135
50
konkret.az

10Mənbələr