“Dünya Karate Federasiyasının Tbilisidə idman karatesi üzrə keçirdiyi beynəlxalq turnirdə iştirak etməkdən çox məmnunam. İnanıram ki, Azərbaycan bayrağını ucaldacağam”.
Bu sözləri turnirin finalına yüksəlmiş Azərbaycan milli komandasının üzvü, İslam Oyunlarının bürünc mükafatçısı Mədinə Sadıqova söyləyib.
"Bu yarışa gəlməmişdən əvvəl çox gərgin məşq toplantısı keçirmişik. Məqsədim A Seriyasında yaxşı reytinq xalı toplamaq, gələcəkdə 32-likdə və daha böyük yarışlarda iştirak etməkdir. Artıq finaldayam, inanıram ki, birinci yerə çıxacağam, Azərbaycan Himnini səsləndirəcəyəm və bayrağımızı yüksəldəcəyəm", - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.
Qeyd edək ki, 24 yaşlı Mədinə Sadıqova 55 kiloqram çəki dərəcəsində tatamiyə çıxaraq turnirdə beş idmançını məğlub edərək finala yüksəlib
Xatırladaq ki, Tbilisidə keçirilən turnirdə dünyanın 70-dən çox ölkəsindən 1200-ə yaxın idmançı iştirak edir. Bu mötəbər yarışda Azərbaycan 21 karateçi ilə təmsil olunur.