AZ

İran İslam Respublikası doğrudan da süquta uğrayacaqmı?.. -ARAŞDIRMA

“1979-cu ildə Pəhləvi sülaləsi məhz Qum, Təbriz və Tehran şəhərləri etirazlara qoşulandan sonra yıxılmışdı...”
 
“İslam inqilabının hərəkətverici qüvvəsi radikal dindarlar və fanatik solçular (kommunistlər və digər solçular) idi. Hər iki cərəyanın nümayəndələrini qətiyyət, cəsarət, fədakarlıq, yüksək intizam və amansızlıq kimi keyfiyyətlər xarakterizə edir. Bu gün İran hakimiyyətinə etiraz edənlərdə həmin keyfiyyətlərin hamısı varmı?..”
 
“2025-ci ilin avqustunda olduğu kimi, İsrail və ya ABŞ-ın, yaxud hər ikisinin birlikdə birbaşa hərbi müdaxiləsi həqiqətən də vəziyyəti dəyişə bilər. Amma bunun üçün zərbə əvvəlkindən qat-qat şiddətli və təsirli olmalıdır...”
 
“ABŞ və İsrailin İranda dəstəklədiyi qüvvələr, o cümlədən, Pəhləvi sülaləsinin tərəfdarları 12 günlük müharibədən sonra çox ağır tələfat veriblər. İranın güc strukturlarının keçirdiyi əməliyyatlar nəticəsində Qərblə əməkdaşlıq edən minlərlə iranlı və əfqan öldürülüb, həbs olunub, ölkədən qaçıb, yaxud qovulub...”
 
Moderator.az  aktuallığını nəzərə alaraq Milli Kimlik Araşdırmaları qrupunun üzvü Araz Şəhrilinin İrandakı son inqilabi görünən proseslərlə bağlı növbəti analitik araşdırma yazısını təqdim edir:
“Qonşu ölkədə etirazların şiddətlənməsi fonunda İran dövlətinin gələcəyilə bağlı müxtəlif, o cümlədən, pessimist proqnozlar verilir. Siyasi şərhçilərin əksəriyyəti şübhə belə, etmir ki, İranın indiki quruluşu özünün son günlərini yaşayır. Bu məsələyə aydınlıq gətirmək üçün İran İslam Respublikasında yaranmış ictimai-siyasi vəziyyəti təhlil etməli, yəni onun əsas elementlərini ayırmalıyıq:
 
1.İrandakı etiraz aksiyalarında Cənubi Azərbaycan, Tehran şəhəri və dini mərkəzlərdə yaşayan əhalinin böyük bir hissəsi, hələ ki, iştirak etmir. Tarixdən məlumdur ki, 1979-cu ildə Pəhləvi sülaləsi məhz Qum, Təbriz və Tehran şəhərləri etirazlara qoşulandan sonra yıxılmışdı. Düzdür, bu bölgələrdə də ara-sıra mitinq və tətillər baş verir. Amma onlar kütləvi və sistemli xarakter daşımır. Əksinə, hakimiyyəti dəstəkləyən yürüşlər də keçirilir...
 
2.Etirazlar əsasən mərkəzi hökumətlə problemi olan kiçik tayfa və etnik azlıqların yaşadıqları ərazilərdə baş verir. 
 
Məsələn:  
 
Ən güclü iğtişaşlardan biri Fars ostanındakı Mərvdəşt şəhərində olub. Mərvdəşt sakinlərinin əksəriyyəti basseri tayfasının üzvləridir. Basseri İranın ən qədim tayfalarındandır. Onlar son dövrlərədək köçəri idilər. Həyat tərzlərinə və mental xüsusiyyətlərinə görə bəxtiyar və qaşqay tayfalarına çox yaxındırlar. Fars dilinin məxsusi ləhcəsində danışırlar. Qaşqaylar kimi bu tayfa da keçmişdə tez-tez Pəhləvilərlə münaqişə vəziyyətində olurdu. Hazırda isə yenə də qaşqaylar kimi İslam Respublikası ilə yola getmirlər. 
 
Digər misal: 
 
Çalxalanan şəhərlərdən biri Xuzistan ostanındakı Xürrəmşəhrdir. Bu şəhərin əhalisi əsasən ərəblərdir. Hələ 1980-ci ildə Səddam Hüseynin ordusu Xürrəmşəhri ələ keçirəndə şəhər sakinlərinin bir hissəsi İraq hərbçilərini gül-çiçəklə qarşılamışdı. Düzdür, qan qardaşlarının amansızlığını görəndən sonra onlar peşiman olmuşdular. Hətta xeyli ərəb İran ordusuna qoşularaq İraqa qarşı müharibədə fəal iştirak da etmişdi. İran qoşunlarının tərkibində ərəblərdən ibarət bölmələr də vardı. Amma buna baxmayaraq, İranın ərəblər yaşayan ərazilərində separatçı əhval-ruhiyyə həmişə güclü olub. Kürdlər və bəluclar ilə də vəziyyət eynidir... 
 
Üçüncü nümunə: 
 
Luristan ostanının Xürrəmabad şəhərində şiddətli etirazlar baş verir. Bu şəhərin əhalisi lurlardır. Lurları keçmişdə kürd hesab edirdilər. Onlar həmişə, xüsusilə mərkəzi hakimiyyət zəifləyəndə dövlət üçün cidd problemə çevriliblər... 
 
3. Etirazların xüsusilə güclü olduğu şəhərlər böyük deyil və onlar bir-birindən kifayət qədər uzaq məsafədə yerləşirlər. Məsələn, 2016-cı ilin məlumatına görə, Mərvdəştdə  148.858 nəfər, Xürrəmşəhrdə isə 133.097 nəfər yaşayır. Bu iki şəhər arasında məsafə isə 582 km-dir. Xürrəmabad sakinlərinin sayı 373.416 nəfərdir. Kütləvi nümayişlərin keçirildiyi ən iri şəhər Həmədandır. Amma onun da əhalisi cəmi 554.406 nəfərdir.
 
4.  ABŞ və İsrailin İranda dəstəklədiyi qüvvələr, o cümlədən, Pəhləvi sülaləsinin tərəfdarları 12 günlük müharibədən sonra çox ağır tələfat veriblər. İranın güc strukturlarının keçirdiyi əməliyyatlar nəticəsində Qərblə əməkdaşlıq edən minlərlə iranlı və əfqan öldürülüb, həbs olunub, ölkədən qaçıb, yaxud qovulub...
 
5. İranda əhalinin müəyyən, hətta ola bilsin ki, əhəmiyyətli bir hissəsi hələ də mövcud hakimiyyəti dəstəkləyir. Bunlar kimlərdir? Əvvəla, dövlət vəzifələrində işləyən şəxslərin ailə üzvləri və qohumları, sonra İranın iştirak etdiyi müxtəlif müharibələrin veteranları və onların yaxınları, nəhayət dövlətin haçansa düzgün daxili və xarici siyasət yürüdəcəyinə ümidlərini itirməmiş dindarlar!..
 
6. İran müxalifəti yekdil deyil! Belə ki, monarxiya tərəfdarları ölkənin federal sistemə keçməsini qətiyyətlə rədd edirlər. Kürdləri təmsil edən “PEJAK” (“PKK” İranda belə adlanır) isə əksinə, ən azı, muxtariyyət tələb edir. Bu hərəkatın əsas məqsədi müstəqil Kürdüstan dövləti qurmaqdır. Bəluc və ərəb millətçiləri də ayrılmaq istəyirlər. Bir sözlə, bir tərəfdə şövinistlər, digər tərəfdə millətçilər! Əlavə olaraq, insanların əksəriyyəti küçə və meydanlara iqtisadi motivlərə görə çıxır...
 
7. Region dövlətlərinin əksəriyyəti, xüsusilə Türkiyə Cümhuriyyəti İran İslam Respublikasının belə yıxılmasında maraqlı deyil. “PKK”-nın Suriya (“PYD”-YPG”-“YPJ”) və İran (“PJAK”) qanadlarının fəallaşması Türkiyəni çox ehtiyatlı davranmağa məcbur edir. Son məlumatlara əsasən, Türkiyə “PJAK”-a qarşı mübarizədə İranın güc strukturlarına fəal kömək göstərməyə başlayıb. Həmçinin İran hakimiyyətinin süqutu Suriyada İsraillə qarşıdurma vəziyyətində olan Türkiyənin ABŞ-la danışıqlarda manevr imkanlarını xeyli məhdudlaşdıra bilər. Sözsüz ki, Çin Xalq Respublikası da İran iqtidarını dəstəkləyir. Pakistan və İranın isə bəluc probleminə münasibəti eynidir. Üstəlik hər iki dövlət Çinin müttəfiqidir. Çin isə Venesuela hadisəsinin təkrarlanmasını istəmir. İranda Qərb yönümlü dövlətin qurulması Rusiya üçün xüsusilə arzuolunmazdır. Hətta İranın ənənəvi rəqibi olan Səudiyyə Ərəbistanı belə, o qədər də sevincli görünmür. Bu ölkə Birləşmiş Ərəb Əmirlikləri ilə həm Yəməndə, həm də Sudanda hərbi münaqişə vəziyyətindədir. Birləşmiş Ərəb Əmirlikləri isə İsrailin yaxın müttəfiqidir. O cümlədən bu səbəbə görə Səudiyyə Ərəbistanı İsrailin bölgədə daha da güclənməsini istəmir. Aydın məsələdir ki, İran İsrailin istədiyi kimi çöksə, məhz bu, baş verəcək. Öz növbəsində, Səudiyyə Ərəbistanının sülalə rəqibi olan, eləcə də “HƏMAS"-a sığınacaq vermiş Qətər də İslam Respublikasının süqutunu arzulamır. Bu halda Türkiyə kimi Qətər də ABŞ-la münasibətlərdə istifadə etdiyi müəyyən kartlardan məhrum olacaq. Bir sözlə, bölgədə on illərdən bəri formalaşmış, Yaxın Şərq ölkələrinin artıq uyğunlaşdığı balansın bu formada pozulması region dövlətlərinin əksəriyyəti üçün məqbul variant deyil... 
8. 2025-ci ilin avqustunda olduğu kimi, İsrail və ya ABŞ-ın, yaxud hər ikisinin birlikdə birbaşa hərbi müdaxiləsi həqiqətən də vəziyyəti dəyişə bilər. Amma bunun üçün zərbə əvvəlkindən qat-qat şiddətli və təsirli olmalıdır. Hərbi ekspertlərin əksəriyyəti iddia edir ki, 2025-ci ilin avqust hücumu zamanı Qərb əlində olan imkanların böyük bir hissəsindən istifadə etmişdi. Daha artıq zərər vurmaq üçün ABŞ nüvə silahına əl atmalıdır. Bu silahı isə Qərb çox əsaslı bir səbəb yaranmasa, heç bir zaman İrana qarşı tətbiq etməyəcək. Çünki anqlo-sakslar (germanlar) iranlılara həmişə özlərinin Asiyaya köçmüş soydaşları kimi baxıblar. Hərbi müdaxilə ehtimalını zəiflədən cəhət həm də İranın mümkün cavab zərbəsidir. İsrail ərazisinin cəmi 22.145 kvadrat kilometr (müqayisə üçün qeyd edək ki, Azərbaycan Respublikasının ərazisi 86.600 kvadrat kilometrdir), əhalisinin isə 10 milyondan çox olması bu zərbənin təsir gücünü dəfələrlə artırır... 
 
Üstəlik, Hörmüz boğazının bağlanması təhlükəsi var. Həmçinin Birləşmiş Ərəb Əmirliklərinin, Səudiyyə Ərəbistanı Krallığına və Qətər Əmirliyinə məxsus neft və qaz yataqlarının, körfəz ölkərərindəki ABŞ hərbi bazalarının və nümayəndəliklərinin vurulması ehtimalı kifayət qədər yüksəkdir. Digər tərəfdən isə, xaricdən edilən istənilən hücum İran xalqının ən azı bir hissəsini iqtidar ətrafında birləşdirə bilər... 
 
Bundan əlavə, aviasiya və raket zərbələri başlasa, iranlı etirazçılar küçə və meydanlardan yığışmağa məcbur olacaqlar. İran dövlətinin özü də mümkündür ki, onu daxili böhrandan çıxara biləcək belə bir həmləni səbirsizliklə gözləyir. Bəziləri güman edirlər ki, ABŞ üçün mövcud şəraitdə məqbul variant İran iqtidarının aparıcı nümayəndələrini nöqtə atəşləri ilə sıradan çıxarmaqdır. Əslində, amerikalılar və israillilər avqust hücumunda elə belə də etmişdilər. Lakin həmin əməliyyat da gözlənilən effekti verməmişdi. Həlak olanları dərhal yeniləri ilə əvəz edən İran hakimiyyəti özünün funksionallığını saxlamışdı... 
 
9. Hərbi müdaxiləyə əl atmadan yalnız birinci şəxsin - Seyid Əli Xameneyinin (1939) sui-qəsdlə aradan götürülməsi İrandakı mövcud ictimai-siyasi vəziyyətə təsir baxımından daha effektli ola bilər. Amma bunu hələ etmək lazımdır. Təcrübə göstərir ki, istedadlı nüvə alimlərindən, yüksək vəzifəli və təcrübəli məmurlardan, savadlı mütəxəssislərdən, peşəkar generallardan fərqli olaraq, Seyid Əli Xameneyi daha yaxşı qorunur. Sözsüz ki, ABŞ və ya İsrailin xüsusi xidmətləri bacarsaydılar, bu işi çoxdan görərdilər. Amma yəqin ki, yenə də cəhd edəcəklər. Ola bilsin ki, Livan “Hizbullah”ının lideri Seyid Həsən Nəsrullaha (1960-2024) qarşı 2024-cü il sentyabrın 27-də keçirilmiş əməliyyatı təkrarlamağa çalışacaqlar...
10. İranın indiki vəziyyətini 1978-1979-cu illərdəki vəziyyətilə müqayisə etmək də yerinə düşər. İslam inqilabı 1978-ci il yanvarın 7-də Qum şəhərindəki kütləvi aksiya ilə başladı. Həmin il fevralın 18-də Təbriz ayağa qalxdı. Martın 29-da və mayın 10-da İranın bütün iri şəhərlərində izdihamlı nümayişlər keçirildi. Sentyabrın 8-də növbə Tehrana çatdı. Ardınca bütün ölkəni tətil hərəkatı bürüdü. Muhəmməd Rza şah Pəhləvi (1919-1980) xalqa söz verdi ki, demokratik islahatlara başlayacaq. Lakin artıq onu eşidən yox idi. Dekabrın 2-də Tehranda iki milyon nəfərin iştirak etdiyi etiraz nümayişi baş tutdu. 1979-cu il yanvarın 3-də liberal-demokrat doktor Şapur Bəxtiyarın (1914-1991) başçılığı altında yeni hökumət quruldu. Yanvarın 7-də Seyid Ruhulla Xomeyni (1902-1989) həmin hökuməti “qeyri-qanuni” adlandırdı. İğtişaşlar davam etdi. Yanvarın 16-da Muhəmməd Rza şah Pəhləvi mühacirətə getdi. Yanvarın 23-də Şapur Bəxtiyar “SAVAK” təhlükəsizlik xidmətini buraxdı. Fevralın 1-də Seyid Ruhulla Xomeyni mühacirətdən qayıtdı...
 
1978-1979-cu illərdə baş vermiş hadisələrlə 2025-2026-cı illərdəki situasiya arasında oxşar cəhətlər çoxdur. Kütləvi iğtişaşlar, nümayiş və tətillər, güc strukturları ilə toqquşmalar, yanğın və partlayışlar... Amma fərqli cəhətlər də kifayət qədərdir. Gəlin onları nəzərdən keçirək:
 
- İslam inqilabının hərəkətverici qüvvəsi radikal dindarlar və fanatik solçular (kommunistlər və digər solçular) idi. Hər iki cərəyanın nümayəndələrini qətiyyət, cəsarət, fədakarlıq, yüksək intizam və amansızlıq kimi keyfiyyətlər xarakterizə edir. Bu gün İran hakimiyyətinə etiraz edənlərdə həmin keyfiyyətlərin hamısı varmı? Bu məsələ həqiqətən də böyük bir sual altındadır. İnsanların mütləq əksəriyyəti iqtisadi problemlərə, bəziləri isə daha rahat və əyləncəli həyat naminə küçələrə çıxıblar. Onlar bu istəklərə görə canlarından keçməyə hazırdılarmı?.. 
 
- İranla bilavasitə sərhəddə dünyanın iki böyük dövlətindən biri - SSRİ yerləşirdi. O dövrdə İranla birbaşa sərhədi olan İraq 9 aprel 1972-ci ildən, Əfqanıstan isə 27 aprel 1978-ci ildən sovet dövlətinin faktiki təsiri altında idi. Bu o deməkdir ki, İranın ümumi uzunluğu 5.440 km olan sərhəd xəttinin 4.492 kilometri boyunca SSRİ və onun müttəfiqlərinin qüvvələri yerləşirdi. Sovet rəhbərliyi məhz belə bir əlverişli şəraitdə şahı devirib iqtidara solçuları gətirmək istəyirdi. Bu gün isə vəziyyət xeyli fərqlidir. ABŞ yalnız İraq ərazisindən İrana müəyyən təsir göstərə bilir. İranın İraqla sərhəd xəttinin uzunluğu 1.599 kilometrdir. Yeri gəlmişkən, ən gərgin vəziyyət də məhz İranın İraq sərhədinə yaxın ərazilərində yaranıb...
- Muhəmməd Rza şah Pəhləvinin ordusu ABŞ-dan aldığı tapşırığa əsasən, hadisələrə kəskin müdaxilə etməmişdi. Bu məsələdə amerikalılar çox müdrik davranaraq o dövr üçün ən düzgün qərarı vermişdilər. İndi isə ordu, xüsusilə “SEPAH” qüvvələri rejimə sadiqdir. İsrailin məşhur ekspertlərindən biri bu barədə belə söyləmişdi: “İslam inqilabının keşikçiləri hələ ki, son sözlərini deməyiblər. Onlar göstəriş gözləyirlər. Bu adamlar çox səbirlidirlər. “HƏMAS” döyüşçülərinə aylarla, illərlə tunellərdə, pusqularda gözləməyi, zərbəni lazım olan anda vurmağı öyrədən onlardır”...
 
- Etirazlar güclənən kimi İranın o vaxtkı rəhbəri Muhəmməd Rza şah Pəhləvi geri çəkilərək xalqa demokratiya və iqtisadi islahatlar vəd etməyə başlamışdı. İranın indiki rəhbəri Seyid Əli Xameneyi isə əksinə, geri çəkilməyəcəklərini və güzəştə getməyəcəklərini bəyan etdi. Burada bir məsələni də vurğulayaq: Muhəmməd Rza şah Pəhləvi  daha humanist və mərhəmətli deyildi. Məsələn, şah qüvvələri 1978-ci il yanvarın 7-də Qumda 70 nəfəri, fevralın 18-də Təbrizdə 27 nəfəri, sentyabrın 8-də Tehranda 100 nəfəri, ümumilikdə isə İranın müxtəlif şəhərlərində 2.781 nəfəri qətlə yetirmişdilər. Bəzi tədqiqatçılar isə iddia edirlər ki, öldürülənlərin sayı 10.000-15.000 nəfər olub. Beləliklə, mövcud stereotiplərə rəğmən, şah hakimiyyətinin zəif cəhəti mülayimliyi deyil, qətiyyətsizliyi və qorxaqlığı idi...
 
- Şah hakimiyyətinə qarşı 1978-1979-cu illər nümayişlərində milyonlarla insan iştirak etmişdi. Məsələn, 1978-ci ildə Tehran sakinlərinin sayı 4 milyon 500 min nəfər idi. Onlardan ən azı 2 milyon nəfəri 2 dekabr 1978-ci il mitinqinə çıxmışdı. Hazırda Tehranda 15 milyon adam yaşasa da, bu şəhərdə keçirilən indiki etiraz aksiyalarında belə kütləvilik nəzərə çarpmır. Digər yaşayış məntəqələrində də eyni vəziyyət müşahidə olunur. Halbuki İran əhalisinin indiki sayı o dövrdəki sayından xeyli çoxdur. 1979-cu ildə İranda rəsmi statistikaya görə, cəmi 38 milyon 500 min nəfər yaşayırdı. Bugün isə İran əhalisinin sayı 90 milyonu keçib...
 
- 1978-1979-cu illərdə kütləvi iğtişaşların fəal iştirakçılarını və liderlərini müəyyənləşdirmək üçün istifadə olunan texnika primitiv və məhdud idi. İndi isə İran İslam Respublikasının güc strukturları müəyyən texniki imkanlara və səriştəyə malikdir. Ötən illərin təcrübəsi də məhz bunu göstərir. Belə ki, hər dəfə iğtişaşlar bir neçə gün, bir neçə həftə və ya bir neçə ay davam edir, həmin müddət ərzində liderlər və fəal iştirakçılar müəyyənləşdirilir, sonra onların həbsi başlayır, ardınca gərginlik azalırdı. Məsələn, İranda baş vermiş 7-13 iyul 1999-cu il, 13-16 iyun 2009-cu il, 14 fevral 2011-ci il, 28 dekabr 2017-ci il - 6 yanvar 2018-ci il, 15 noyabr 2019-cu il - 15 yanvar 2020-ci il, 16 sentyabr - 7 dekabr 2022-ci il etirazlarında məhz bu ssenarini görürük.  Yenə də belə olacaqmı? Bunu zaman göstərəcək. Yeri gəlmişkən, 15 noyabr 2019-cu il - 15 yanvar 2020-ci i iğtişaşları indiki hadisələrdən daha güclü və şiddətli idi. Əvvəlki çaxnaşmalarda da çoxlu sayda məscid və mədrəsə, hökumət və bələdiyyə binası, ticarət obyekti yandırılmışdı...
- 1978-1979-cu illərdə birləşdirici fiqur Seyid Ruhulla Xomeyni idi. Radikal dindarlar ona övliya kimi, fanatik solçular və liberal demokratlar isə keçid mərhələsində işləri yoluna qoyub, sonra isə vaxtında o dünyaya köçəcək bir ağsaqqal kimi baxırdılar. Şah hakimiyyəti ilə mübarizədə oğlunu qurban verməsi (bir ehtimala görə, onun 1930-cu il təvəllüdlü oğlu Seyid Mustafa Xomeynini 23 oktyabr 1977-ci ildə “SAVAK” agenti zəhərləmiş, digər fərziyyəyə əsasən, o, ürək çatışmazlığından vəfat etmişdi), sadə həyat tərzi sürməsi, özünü nüfuzdan sala biləcək hərəkətlərə yol verməməsi onun haqqında belə təsəvvürlərin yaranmasına səbəb olmuşdu. Solçuların və demokratların özlərini “həyatının son aylarını və ya ilini yaşayan sadəlövh, mömin qoca” nağılı ilə aldatmaları isə tamam ayrı mövzudur. Bu gün Muhəmməd Rza şah Pəhləvinin oğlu Rza Pəhləvi çalışır ki, həmin birləşdirici fiqur rolunu oynasın. Lakin atası Muhəmməd Rza şah Pəhləvi və babası Rza şah Pəhləvi (1878-1944) ilə bağlı müəyyən acı xatirələr, eləcə də demokratların və millətçilərin onu rəhbər kimi qəbul etməmələri bu arzunun gerçəkləşməsinə mane olacaq...
 
NƏTİCƏ:
 
İran İslam Respublikası duruş gətirsə belə, onun üçün bu bəlkə də son şans olacaq. İndiyədək buraxılmış səhvlərdən lazımi nəticələr çıxarılmasa, şübhəsiz ki, ölkə daha ağır duruma düşəcək...
 
Müəllif: tədqiqatçı Araz Şəhrili”
 
Təqdim etdi: 
Sultan Laçın
 
Seçilən
34
moderator.az

1Mənbələr