AZ

Azərbaycan mətbuatının siması necə dəyişdi... 

Bu gün Azərbaycan mətbuatı üçün mühüm tarixdir. 2021-ci il yanvarın 12-də Medianın İnkişafı Agentliyi yaradıldı. Bu qərar informasiya məkanında yeni mərhələnin başlanğıcı oldu. Beş il qısa müddət kimi görünə bilər. Amma bu beş il mediada ciddi dəyişikliklər doğurdu. Bu beş il peşəkar medianın yeni çərçivəsini formalaşdırdı. Bu beş il həm imkanlar açdı, həm məsuliyyət artırdı. Həmin dövr dezinformasiyanın sürətləndiyi dövrə təsadüf etdi. Və bu beş il postmünaqişə reallıqlarının informasiya mübarizəsinə çevrildiyi zaman idi.

Bu mənada MEDİA-nın 5 ili təkcə yubiley kimi qiymətləndirilmir. Bu dövür model, sistem dəyişikliyidir. Bu, həm də media özünütənziminin yeni mərhələsidir.

 

Agentliyin institusional rolu və yeni yanaşma

Bu müddətdə Agentlik təkcə bir qurum kimi çıxış etmədi. Agentlik media siyasətinin icra mexanizminə çevrildi. Pralel olaraq həm dövlətin media ilə dialoqunu qurdu, həm də redaksiyaların daxili inkişaf ehtiyaclarını gündəmə gətirdi.

Bu yanaşma bir çox stereotipi dağıtdı. Çünki media illərlə “özbaşına bazar” şəraitində yaşamağa məhkum edilirdi. Rəqəmsal mühitdə sürət keyfiyyəti üstələyirdi. Reklam bazarı daha çox görüntüyə işləyirdi. Sosial şəbəkələr jurnalistikanı sıxışdırırdı.

Bu fonun içində MEDİA-nın institusional rolunun artması təbiidir. Bu rolun mərkəzində isə bir ideya durur. Media cəmiyyətin güzgüsü, dövlətçiliyin dayağıdır. Media milli maraqların müdafiə xəttidir.

 

Media Reyestri və “Media haqqında” Qanun: qayda və məsuliyyət dövrü

Modern.az xatırladır ki, MEDİA-nın ən çox müzakirə edilən addımlarından biri “Media haqqında” Qanunun qəbuluna aparan proses oldu. Bu sənəd media mühitində qaydaların yenilənməsi demək idi. Sənəd həmçinin media subyektlərinin hüquqi çərçivəsini dəqiqləşdird, jurnalist fəaliyyətinin status məsələsinə də toxundu. Hər kəs gördü ki, “jurnalist” adından sui-istifadə hallarına qarşı mexanizmlər yaratdı. Doğrudur,  qanun tənqid edildi də, dəstəkləndi də. Amma bir həqiqət var ki, qanun gündəmi dəyişdi. Qanun medianın özünə də sual verdi. Media öz standartını müəyyənləşdirməlidir. Media öz məsuliyyətini daşımalıdır.

Bu xəttin praktiki nəticəsi Media Reyestri oldu. Reyestr vahid məlumat bazası kimi formalaşdı. Bu yeni işin fəlsəfəsi sadə idi. Kim media subyekti sayılır, aydın olmalı idi. Kim jurnalist kimi fəaliyyət göstərir, aydın olmalı idi. Kim bu adın arxasında şəxsi maraq gizlədir, görünməli idi. Reyestr bu baxımdan filtr rolunu oynadı. Reyestr həm də sosial təminat məsələlərinin gündəmə gəlməsinə şərait yaratdı. Əmək bazarının şəffaflığına təsir etdi. Media sektoruna intizam elementləri gətirdi. Əsas olaraq reyestr informasiyanın etibarlı mənbə prinsipini gücləndirdi.

Tənqidlər də oldu, etirazlar da oldu. Narahatlıqlar da səsləndi. Bu, normaldır. Çünki hər yeni sistem müqavimətlə qarşılaşır. Çünki media azadlıqla nizam arasında həssas sahədir. Bu sahədə balans qorunmasa ağır məsələdir. Amma MEDİA-nın beş illik təcrübəsi göstərdi ki, məqsəd məhdudlaşdırmaq deyil, peşəkarlığı ayırd etməkdir. Reket davranışlarını kənarlaşdırmaq, informasiyanın bazarını təmizləmək, ictimai etimadı qorumaqdır.

 

Maliyyə dəstəyi, müsabiqələr və redaksiyaların yaşaması

MEDİA-nın diqqət çəkən istiqamətlərindən biri maliyyə dəstəyidir. Bu dəstək media subyektlərinin dayanıqlığına yönəlib və redaksiyaların maddi-texniki bazasını yeniləməyə kömək edir.

Maliyyə müsabiqələri bu baxımdan əsas alətlərdən biridir. Qəzetlər üçün imkan açılır, onlayn media resursları üçün stimul yaranır. İnformasiya agentlikləri üçün dayanıqlıq artır. Paralel olaraq jurnalist müsabiqələri də diqqət mərkəzindədir. Bu müsabiqələr yaradıcı potensialı hərəkətə gətirir və sağlam rəqabəti gücləndirir. Bu müsabiqələr keyfiyyətli materialların sayını artırır və mövzu seçiminə təsir edir. Bu müsabiqələr peşəkar yazı üslubunu təşviq edir.

 

Beynəlxalq platformalar, Qlobal Media Forumu və xarici mediaya çıxış

Azərbaycan mediasının beynəlxalq görünürlüyü ayrıca mövzudur. Bu görünürlük uzun illər arzu idi və bəzən epizodik, bəzən də təsadüfi olurdu. Amma müasir dövr sistem, şəbəkə, institusional təmsilçilik tələb edir. MEDİA bu istiqamətdə də addımlar atdı.

Avropa informasiya agentlikləri ilə əməkdaşlıq və təcrübə mübadiləsi proqramları bu xəttin bir hissəsidir. Bu əməkdaşlıq media texnologiyalarına çıxışı asanlaşdırır və əməkdaşlıq redaksiya mədəniyyətinə təsir edir. Hamımız görürük ki, xəbərin istehsal standartları yüksəlir, fakt yoxlaması vərdişləri güclənir. İndi gündəmdə olan dil məsələsinə də toxunur. Bu əməkdaşlıq informasiyanın təqdimat dilini yeniləyir.

Qlobal Media Forumları isə ayrıca hadisədir. Bu forum Azərbaycanın informasiya gündəminin platformasıdır, Qarabağın yeni imicinin beynəlxalq mediaya çıxışıdır. Bu forum ekspertlərin diqqətini regiona gətirir. Bu forum dezinformasiyaya qarşı kollektiv refleks yaradır. Bu forum media diplomatiyasına çevrilir. Bu forum dövlətin “soft power” alətlərini gücləndirir.

Türk Dövlətləri Təşkilatı çərçivəsində media əməkdaşlığı da önəmlidir. Bu əməkdaşlıq ortaq informasiya məkanını möhkəmləndirir, dil birliyinin media birliyinə çevrilməsinə xidmət edir.

Bu istiqamətdə əsas hədəf birdir. Azərbaycan mediası beynəlxalq müstəvidə etibarlı mənbəyə çevrilir. Artıq mediamız faktın yanında dayanır, milli maraqları peşəkarlıqla müdafiə edir və emosiyanı faktla balanslaşdırır.

 

Peşəkarlıq, təlimlər və reket jurnalistikanın sıxışdırılması

MEDİA-nın fəaliyyəti təkcə qanun və maliyyə ilə bitmir. MEDİA kadr və bacarıq məsələsinə də toxunur. Çünki müasir media yeni kompetensiyalar, data jurnalistikası, rəqəmsal marketinq, kiber-təhlükəsizlik anlayışı, süni intellekt alətlərindən istifadə tələb edir. Eyni zamanda sosial platformalarda etik davranış, vizual dil, multimedia bacarıqları tələb edir.

Bu ehtiyacın cavabı təlimlərdir. Təlimlər mütəmadi keçirilir və müxtəlif kateqoriyaları əhatə edir. Maraqlısı odur ki, təlimlər redaksiya rəhbərləri üçün də, gənc jurnalistlər üçün də açıq olur. Hətta regionlardan gələnlər üçün də imkan yaradır. ADA Universiteti və digər təhsil ocaqları ilə proqramlar bu zənciri gücləndirir. “Media idarəetməsi” kimi istiqamətlər redaksiya menecmentinə təsir edir. Bu, xəbər istehsalının keyfiyyətinə birbaşa təsir edir.

Bu kontekstdə reket jurnalistikanın aradan qaldırılması ayrıca xəttdir. Reket jurnalistika cəmiyyətin nifrət etdiyi fenomendir. Bu, jurnalistika jurnalist adına zərbə, etikaya ziddir. Reket jurnalistika şantaj üzərində qurulur və peşəkar medianın nüfuzunu dağıdır.

MEDİA bu baxımdan “peşəkarı seçmək” məntiqini önə çıxardı. Reyestr bu məntiqin texniki aləti, təlimlər insan kapitalı, müsabiqələr stimuldur. Beynəlxalq platformalar bu məntiqin güzgüsüdür. Nəticədə peşəkarlığın formalaşması üçün yeni iqlim yaranır.

 

Yeni dövrün mediası və tarixi məsuliyyət

Bu gün maraqlı zamandır. Hətta deyə bilərik ki, tarixi andır. Azərbaycan ərazi bütövlüyünü təmin edib. Postmünaqişə mərhələsinə daxil olub. Azərbaycan yeni kommunikasiya savaşlarının mərkəzindədir. Zəngəzur mövzusunda yeni reallıqlar yaşayır. Qərbi Azərbaycan gündəmini sistemli şəkildə formalaşdırır. Region susmur. Təbriz də səssiz deyil. Bu faktlar informasiya mühitini daha həssas edir və medianın üzərinə daha ağır məsuliyyət qoyur.

Bu işlərə liderlik edən Prezident İlham Əliyev dövlətin siyasi xəttini müəyyənləşdirib. Artıq dövlətçiliyin strateji hədəfləri mövcuddur. Media isə bu hədəflərin izahında, müdafiəsində və kommunikasiya tərəfində mühüm rol oynayır. Burada söhbət təbliğatdan getmir, milli mövqenin peşəkar təqdimatından, faktın müdafiəsindən, informasiya təhlükəsizliyindən gedir.

MEDİA Agentliyinin 5 illik fəaliyyəti göstərdi ki, media inkişafı təkcə texnoloji inkişafla məhdudlaşmır. Media inkişafı mədəniyyətdir, etikadır, milli maraqdır. Media inkişafı cəmiyyətlə dövlət arasında körpüdür. İndi bu körpü peşəkarlıqla qurulub.

Hesab etmək olar ki, beş il bu yolun başlanğıcı və böyük sınaqların dövrü idi. Dönüb geri baxanda görürsən ki, beş il həm uğurlar, həm dərslər gətirdi. İndi qarşıda yeni çağırışlar var və MEDİA-nın missiyası daha da böyüyür. Bu missiyanın adı yeni dövrün peşəkar mediasıdır, dövlətçiliyin informasiya dayağıdır. Əminik ki, MEDİA qarşıya qoyulan bütün öhtəlikləri tam yerinə yetirəcək.

Beş yaşın mübarək, 1875-cil il doğumlu MEDİA...

 

Elnur ƏMİROV

 

Seçilən
93
1
modern.az

10Mənbələr