ABŞ İrana hücum edərsə, İsrail və ABŞ bazaları hədəfə alınacaq. Metbuat.az xəbər verir ki, İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf belə açıqlama verib. Qalibaf parlamentdəki çıxışında ölkədəki son hadisələr və etirazlar barədə danışıb. O bildirib ki, ABŞ İrana hücum edərsə, Tehran səssiz qalmayacaq. ABŞ və İsrailin rejim əleyhinə etirazçıları dəstəkləməsinə toxunan Qalibafın sözlərinə görə, düşmənlər bundan əvvəl daxili terrorçuları aktivləşdirmək istəsə də, uğursuz olublar. Amma indi onlar daxili terrorçuları aktivləşdiriblər. Qalibaf İranın terrorçularla savaşdığını irəli sürüb. Qalibafın çıxışı zamanı millət vəkilləri ABŞ əleyhinə şüarlar səsləndiriblər. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp etirazçılara odlu silahla müdaxilə ediləcəyi halda, İranı hücumla hədələyib. Yerli valyutanın xarici valyutalara qarşı yüksək devalvasiyası və iqtisadi problemlər səbəbindən Tehranın Böyük bazarında başlayan etirazlar ölkənin bir çox şəhərində müşahidə edilir.