AZ

Rayonlardan gələn bu şəxslər Bakını tərk edəcək – İlin sonuna qədər…

Son illər rayonlardan Bakıya axın olması cəmiyyətdə ciddi sosial-iqtisadi problemlər yaradıb. Paytaxtda əhali sıxlığının artması, bölgələrdə isə iş yerlərinin məhdudluğu bu prosesi daha da sürətləndirib. Prezidentin yerli telekanallara müsahibəsində regionlarda yeni iş yerlərinin yaradılması, xüsusilə Xankəndi və Ağdamda məşğulluğun artırılması məsələsinə toxunması mövzunu yenidən gündəmə gətirib.

Bəs rayonlardan Bakıya axının qarşısını almaq üçün hansı addımlar atılır? Bu problemin həlli üçün kompleks yanaşma necə qurulmalıdır?

Globalinfo.az-a danışan deputat Azər Allahverənov bu məsələnin hazırda olduqca aktual olmasından danışıb:

“Şübhəsiz ki, urbanizasiya müəyyən problemlər yaradır. Çünki regionların sosial-iqtisadi inkişafı üçün əsas şərtlərdən biri yerli əmək ehtiyatlarının mövcudluğudur. Əhalinin kütləvi şəkildə iri şəhərlərə axını baş verdikdə bölgələrdə sənaye müəssisələrinin yaradılması, istehsalat proseslərinin qurulması və kənd təsərrüfatının inkişafı ciddi çətinliklərlə üzləşir. Bu sahələrin hər biri bilavasitə kifayət qədər əmək qüvvəsinin cəlb olunmasını tələb edir və əmək resursları olmadan genişmiqyaslı istehsalın təşkili mümkün deyil”.

Millət vəkili bildirib ki, urbanizasiya prosesi Azərbaycanda sovet dövründən formalaşmağa başlayıb:

“Müstəqillikdən sonra isə ölkə ərazisinin təxminən beşdə bir hissəsi işğal olundu, bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bu amil əhalinin iri şəhərlərə, xüsusilə Bakıya üz tutmasını sürətləndirdi və urbanizasiya templərini daha da artırdı. Eyni zamanda bölgələrdə kənd təsərrüfatında yaranan problemlər və uzun müddət lazımi maliyyə axınlarının təmin olunmaması fermer təsərrüfatlarının inkişafını məhdudlaşdırdı. Bu da insanları məşğulluq imkanları axtarmağa vadar etdi. Xüsusilə 2001-ci ildən sonra Bakıda başlayan tikinti bumu bu prosesi daha da sürətləndirdi. Onlarla, yüzlərlə yaşayış binasının eyni vaxtda inşası böyük əmək ehtiyatlarına ehtiyac yaratdı və bu, əsasən regionlardan gələn əhali hesabına ödənildi. Nəticədə paytaxtda iqtisadi fəallıq artdı, bölgələrdən paytaxta axın daha da intensivləşdi və regional inkişafda disbalans yarandı”.

Azər Allahverənov qeyd edib ki, hazırda regionların sosial-iqtisadi inkişafı ilə bağlı genişmiqyaslı dövlət strategiyası həyata keçirilir:

“Torpaq paylarının verilməsi, güzəştli kreditlərin ayrılması, kənd təsərrüfatının müxtəlif sahələri üzrə maddi-texniki bazanın yaradılması və infrastrukturun qurulması bölgələrdə məşğulluğun təmin olunmasına xidmət edir. Bu siyasət müəyyən nəticələr də verib. Xüsusilə 2020-ci illərdə diurbanizasiya meyilləri müşahidə olundu, yəni insanların müəyyən hissəsi yenidən rayonlara qayıtmağa başladı. Bu prosesdə pandemiyanın da rolu oldu. Belə ki, bir sıra sahələrin, o cümlədən tikinti və istehsalatın məhdud fəaliyyət göstərməsi məşğulluq imkanlarını azaltdı və insanları doğma bölgələrinə dönməyə sövq etdi.

Digər mühüm amil 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə başlayan bərpa və inkişaf prosesləridir. 2023-cü ildə dövlət suverenliyinin tam bərpasından sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında genişmiqyaslı infrastruktur layihələri icra olunur. Buraya yol-nəqliyyat infrastrukturu, istehsalat sahələrinin yaradılması, kənd təsərrüfatının inkişafı, yaşıl və bərpa olunan enerji layihələri, meşə təsərrüfatının bərpası və xidmət sektorunun təşkili daxildir. Bu tədbirlər keçmiş məcburi köçkünlərin təhlükəsiz və dayanıqlı şəkildə qayıdışını təmin etməyə yönəlib. Artıq həmin ərazilərdə multimodal yol infrastrukturu fəaliyyət göstərir, dəmir yolu xətləri, avtomobil yolları və Füzuli, Zəngilan və Laçın hava limanları istifadəyə verilib. Bu, iqtisadi inkişaf üçün əlverişli mühit yaradır.

Deputatın sözlərinə görə, “Böyük Qayıdış” proqramının birinci mərhələsinin 2026-cı ilin sonuna qədər tamamlanması və ümumilikdə 160 min nəfərin qayıdışının təmin edilməsi nəzərdə tutulur:

“Bu, həm də böyük əmək ehtiyatlarının həmin bölgələrə cəlb olunması deməkdir və iqtisadi fəaliyyətin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. 2025-ci ilin sonuna olan məlumata görə, təxminən 70 min nəfərin işğaldan azad edilmiş ərazilərə qayıdışı təmin olunub. Ümumilikdə, regionların inkişafı kompleks yanaşma tələb edir. Hər bir bölgənin özünəməxsus xüsusiyyətləri nəzərə alınmalı və həmin xüsusiyyətlərə uyğun layihələr həyata keçirilməlidir. Son 20 il ərzində regionların inkişafına 120 milyard manatdan çox vəsaitin yönəldilməsi dövlətin bu sahəyə xüsusi diqqət ayırdığını göstərir. İqtisadiyyatın yeni dövrün çağırışlarına uyğun formalaşmasında əsas amil insan faktorudur və məşğulluq burada prioritet məsələ olaraq qalır. Əsas məqsəd şəhərlərə axının inzibati üsullarla qarşısını almaq deyil, bölgələrin inkişafı üçün daha geniş və dayanıqlı şərait yaratmaqdır. Bu baş verdiyi təqdirdə, əks proses, yəni şəhərlərdən rayonlara qayıdış da mümkün ola bilər.

Xüsusilə kənd təsərrüfatında motivasiyaedici mexanizmlər vacibdir. Güzəştli kreditlər, dövlət zəmanətləri və effektiv bazar mexanizmləri fermerlərin bu sahəyə marağını artıra bilər. Kənd təsərrüfatında istehsal, satış və gəlirin əldə olunması zənciri tam və fasiləsiz işləməlidir. Zəncirin istənilən həlqəsində yaranan boşluq insanları bu sahədən uzaqlaşdırır və onları daha zəmanətli məşğulluq axtarışına, hətta miqrasiyaya sövq edir. Bu baxımdan bölgələrin potensialına uyğun inkişaf strategiyalarının davamlı şəkildə təkmilləşdirilməsi vacibdir. Həyata keçirilən yol xəritələrinin yenidən nəzərdən keçirilməsi və Prezidentin vurğuladığı prioritetlər əsasında daha çevik, effektiv mexanizmlərin tətbiqi regionlarda dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunmasına xidmət edəcək”.

Seçilən
1
2
millitv.net

4Mənbələr