Pekin, 13 yanvar, AZƏRTAC
Bugünkü dünya o qədər də sabit deyil. Bir çox münaqişə və mübahisələrin şahidi oluruq, bəzi təhdidlərin olduğunu görürük, məsələn, terrorizm, kibercinayətkarlıq təhdidləri. Bütün bu problemlər gündəlik həyatımız üçün bir növ təhlükə yaradır. Bu, o deməkdir ki, əməkdaşlıq etmək üçün daha çox ölkəyə ehtiyacımız var.
Bu fikri AZƏRTAC-a eksklüziv müsahibəsində “China Briefing” nəşrinin təsisçisi, siyasi şərhçi Şen Şivey bildirib.
Çinin Mərkəzi Asiya, Azərbaycan da daxil olmaqla Cənubi Qafqaz regionu ilə münasibətlərinə baxışından danışan şərhçi deyib ki, burada həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq önəmlidir. “İkitərəfli əməkdaşlıq müstəvisində Çin ilə Azərbaycanın hərtərəfli strateji tərəfdaşlığını vurğulamaq yerinə düşər. Çoxtərəfli əməkdaşlığa isə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsindəki əlaqələri qeyd etmək olar. Biz bilirik ki, Azərbaycan indi ŞƏT-də dialoq üzrə tərəfdaş statusuna malikdir, amma tamhüquqlu üzvlük üçün müraciət edib. Çin də Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvü olmasına tam dəstəyini ifadə edib”, - deyə Şen Şivey bildirib.
Ekspert Çinin bu bölgəyə həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə strateji tərəfdaş kimi baxdığını vurğulayaraq, rəsmi Pekinin sözügedən regionlara baxışının digər mühüm məqamının iqtisadi əməkdaşlığa aid olduğunu deyib. “Çünki bilirik ki, Çin region ölkələri ilə iqtisadi əməkdaşlığın, xüsusən də Orta Dəhliz çərçivəsində əməkdaşlığın dərinləşməsində maraqlıdır”, - deyə Şen Şivey qeyd edib.
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin