AZ

Ermənistanla İran düşmən oldular - TƏHLİL

Strateji tərəfdaşlıq arxasında gizlənən oyun

İranla Ermənistan arasında diplomatik münasibətlər 1992-ci ildən formalaşıb. Bu əlaqələr regionda az rast gəlinən qonşuluq modellərindən biri kimi təqdim edilib. Ermənistan illər boyu İran bazarına çıxış əldə etməklə iqtisadi gücünü artırmağa çalışıb. Rəsmi Tehran isə Ermənistanı Qərb sanksiyalarından yan keçmək üçün tranzit körpüsü kimi görüb.

Xüsusilə enerji və nəqliyyat sahəsində birgə layihələr qurulub. İran qazı Ermənistana ötürülüb, əvəzində Ermənistan elektrik enerjisi verib. 2007-ci ildə istifadəyə verilən qaz-elektrik mübadilə mexanizmi iki ölkəni bir-birinə bağlayan əsas xətlərdən biri olub. Ermənistanda fəaliyyət göstərən İran şirkətlərinin sayı onlarla ölçülüb. İrəvanda İran banklarının filialları uzun müddət işləyib. Bu sistem Ermənistan iqtisadiyyatının mühüm hissəsinə çevrilib.

Eyni zamanda İran Ermənistan üzərindən Gürcüstan limanlarına çıxış əldə edib. Bu yol İran üçün Qara dənizə alternativ dəhliz kimi qiymətləndirilib. Ermənistan isə özünü Tehranın etibarlı tərəfdaşı kimi təqdim edib.

Lakin getdikcə bu əməkdaşlığın bərabər səviyyədə olmadığı ortaya çıxıb. Ermənistan paralel şəkildə Qərb strukturları ilə danışıqlar aparıb. ABŞ və Avropa İttifaqı ilə təhlükəsizlik sahəsində müxtəlif formatlarda əməkdaşlıq qurulub. İrəvan bir tərəfdən İranla dostluq görüntüsü yaradıb, digər tərəfdən isə Qərb kəşfiyyat strukturları ilə əlaqələri genişləndirib. Bu ikili siyasət zamanla regionda etimadsızlıq yaradıb.

İranın siyasi dairələrində bu mövzu indi artıq açıq müzakirə edilir. Xüsusilə ölkədə etiraz dalğaları gücləndikcə bu məsələlər daha da aktuallaşıb. Tehran anlayıb ki, uzun illər güvəndiyi tərəfdaşın başqa planları mövcud olub. Ermənistanın diplomatik yazışmaları Qərb strukturları ilə sıx təmasların mövcudluğunu göstərir. Bu yazışmalar əsasən təhlükəsizlik və sərhəd müşahidələri ilə bağlı olub. Beləliklə, münasibətlərin arxasında tam fərqli bir mənzərə formalaşıb.

 

Etirazlar və məlumat axınında Ermənistan izi

İranda son illərdə baş verən etirazlar ölkənin siyasi gündəmini əsaslı şəkildə dəyişib. Sosial şəbəkələr və alternativ rabitə kanalları bu aksiyalarda mühüm rol oynayıb. İnternetin məhdudlaşdırıldığı dövrlərdə peyk rabitə sistemlərinin əhəmiyyəti daha da artıb. Məlumatlara görə, bu terminalların bir hissəsi regiona Ermənistan üzərindən daxil olub.

Ermənistan ərazisində fəaliyyət göstərən müxtəlif qeyri-hökumət qurumları bu prosesdə iştirak edib. Bu qurumların bir qismi Qərb fondlarından maliyyələşib. Onların əsas fəaliyyəti informasiya və texnologiya sahəsini əhatə edib.

İran tərəfi bu kanalların ölkənin təhlükəsizliyi üçün risk yaratdığını açıq şəkildə bildirib. Xüsusilə məlumat ötürülməsi və aksiyaların koordinasiyası məsələləri diqqət mərkəzinə düşüb. Ermənistanın bəzi vətəndaşları bölgədə aktiv rabitə operatorları kimi tanınıb. Onların bir hissəsi Qərb ölkələrində müxtəlif təlim proqramlarından keçib.

İranın xüsusi xidmət orqanları bu şəxslərin fəaliyyətini izləyib. Hesabatlarda sərhədyanı bölgələrdə qeyri-qanuni texniki daşımalar qeyd olunub. Bu daşımaların bir hissəsinin İran ərazisinə yönəldiyi bildirilib. Ermənistanın tranzit imkanları bu prosesdə əsas rol oynayıb.

Tehran bu vəziyyəti dövlət səviyyəsində təhlükəsizlik pozuntusu kimi qiymətləndirib. İran Xarici İşlər Nazirliyində bu mövzu ilə bağlı xüsusi görüşlər keçirilib. Ermənistan səfirliyinə dəfələrlə izahat tələbləri göndərilib. Bütün bunlar münasibətlərdə ciddi gərginlik yaradıb. Diplomatik kanallar əvvəlki kimi rahat işləməyib və iki ölkə arasında qarşılıqlı etimad xeyli zəifləyib.

 
Yeni regional reallıq və dərinləşən ziddiyyətlər

2020-ci ildən sonra Cənubi Qafqazda güc balansı köklü şəkildə dəyişib. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Bu hadisə regiondakı bütün nəqliyyat və enerji layihələrinə birbaşa təsir göstərib. Ermənistan əvvəlki kimi İranın yeganə çıxış qapısı rolunu itirib. Yeni dəhlizlər və alternativ marşrutlar gündəmə gəlib. Azərbaycan üzərindən Mərkəzi Asiyaya çıxış imkanları genişlənib. Bu isə İranın regional strategiyasını yenidən nəzərdən keçirməsinə səbəb olub.

Ermənistan öz mövqeyini qorumaqda çətinlik çəkməyə başlayıb. Qərblə yaxınlaşma İrəvan üçün əsas prioritetə çevrilib. Avropa İttifaqının müşahidə missiyası Ermənistan sərhədlərində yerləşdirilib. Bu missiyanın fəaliyyəti İran tərəfindən diqqətlə izlənilir. Tehran bunu xarici təsirin artması kimi qiymətləndirir. İran rəsmiləri hesab edir ki, regionda yeni geosiyasi oyun qurulur və Ermənistan bu oyunda artıq fərqli mərkəzlərə xidmət edir.

Nəticədə dünənin müttəfiqləri bu gün bir-birinə düşmən kimi yanaşır. İran uzun illər siyasi və iqtisadi dəstək verdiyi Ermənistanın fərqli istiqamətə yönəldiyini görür. Ermənistan isə Qərbin himayəsində yeni təhlükəsizlik modeli qurmağa çalışır. Bu ziddiyyətlər Cənubi Qafqazda yeni qarşıdurma xəttinin formalaşmasına gətirib çıxarır və İran-Ermənistan münasibətlərində yaranan çat bu prosesin ən açıq nümunəsinə çevrilir.

 

Xəyanət mexanizmi və Tehran üçün acı həqiqət

Tarix boyu xəyanət üzərində qurulan siyasət gec-tez öz sahibinə qayıdır. Bu gün İranda alovlanan etiraz dalğası rəsmi Tehran üçün daxili böhran kimi dəyərləndirilmir, illərdir “dost” bildiyi Ermənistanın əsl simasını görmək üçün bir güzgüdür. İrəvanın molla rejimi ilə qurduğu “mehriban qonşuluq” görüntüsünün arxasında, əslində, Qərb kəşfiyyat maraqlarına xidmət edən mürəkkəb bir xəyanət şəbəkəsinin dayandığı artıq gizlin deyil.

İranın dini hakimiyyəti illərdir ölkədəki erməni azlığına digər xalqlara, xüsusən də azərbaycanlılara göstərmədiyi xüsusi imtiyazlar tanıyıb. Parlamentdə yerlər, geniş kilsə şəbəkələri, mədəniyyət fondları və sərbəst dini ayinlər bu siyasətin tərkib hissəsi olub. Lakin son hadisələr göstərir ki, bu şəraitdən faydalanan erməni icması əslində rejimin daxildən sarsıdılmasında kənar güclərin əlində “Troya atı” rolunu oynayır.

Ötən günlərdə öldürülən erməni etirazçının aksiyaların koordinasiyasında fəal iştirakı bu zəncirin sadəcə görünən halqasıdır. Erməni icması bir tərəfdən dövlət strukturlarına sızaraq sadiqlik nümayiş etdirir, digər tərəfdən isə gizli kanallar vasitəsilə hakimiyyət dəyişikliyi üçün informasiya daşıyıcılığı və koordinasiya missiyasını həyata keçirir.

Yerli mənbələrin məlumatına görə, İran Xarici İşlər Naziri Abbas Arakçı yanvarın 12-də xarici səfirlər üçün keçirdiyi görüşdə erməni səfiri ilə apardığı söhbətdə “son xəbərdarlıq” xarakterli mövqe sərgiləyib. Tehranın əlində olan məlumatlar göstərir ki, İrəvan hazırda ABŞ kəşfiyyatı və Avropa İttifaqının monitorinq missiyası üçün faktiki olaraq məlumat toplama mərkəzinə çevrilib və İrandakı etirazların körüklənməsində maraqlı tərəf kimi çıxış edir.

Daha dramatik fakt isə İlon Maskın yaratdığı “Starlink” terminallarının Ermənistan ərazisindən qaçaqmalçılıq yolu ilə İrana ötürülməsidir. İnternetin məhdudlaşdırıldığı şəraitdə etirazçıların rabitəsini təmin edən bu texnologiyanın Ermənistan vasitəsilə “sızdırılması” İrəvanın Tehrana vurduğu ən ağır arxadan zərbə sayılır. Ermənistan bu yolla həm Qərb qarşısında öz “faydalılığını” sübut edir, həm də illərdir onu iqtisadi blokadadan çıxaran İrana qarşı ideoloji savaş açır.

Azərbaycanın 30 illik işğala son qoyaraq Zəfər qazanması regionun bütün siyasi xəritəsini dəyişdi. İşğal dövründə Azərbaycanın haqlı mövqeyinə dəstək verməkdə tərəddüd edən, Qarabağ və Şərqi Zəngəzurda məscidlərin dağıdılmasına və təhqir olunmasına göz yuman, əksər vaxt bu barbarlığa dəstək verən İran Ermənistana verdiyi “nəfəslik”də  özü boğulur. Əslində bu, həm də bir ilahi ədalətdir və dəyirman daşı olub İranın boynundan sılıb.

Və bu, bir daha göstərdi ki, Ermənistan üçün İran heç vaxt strateji tərəfdaş olmayıb, sadəcə çətin məqamlarda istifadə ediləcək resurs rolunu oynayıb.

Ermənistanın İran müxalifəti ilə qurduğu münasibətlər və Qərb kəşfiyyatına ötürdüyü məlumatlar bölgədə yeni bir “xəyanət poliqonu” yaradıb. Molla rejimi indi ciddi seçim qarşısındadır: ya illərdir qoynunda bəslədiyi bu “beşinci kolonun” fəaliyyətinə son qoyacaq, ya da öz əli ilə böyütdüyü xəyanət şəbəkəsinin qurbanına çevriləcək.

Görünən odur ki, uzun illər biri-birilə sıx əlaqədə olan İranla Ermənistan indi düşmən mövqedədirlər. Əgər İran bu təlatümdən salamat çıxa bilsə Ermənistanla haqq-hesb çəkəcək. İllərlə üzdə dost olan bu ölkələr pərdəarxasında əsil düşmən imişlər. Belə yerdə deyirlər, qəzan mübarək, molla rejimi. Xəyanətin mübarək, Ermənistan...

 

Elnur ƏMİROV

Seçilən
85
50
modern.az

10Mənbələr