AZ

Təhsildə yeni “düşmən” — Bu texnologiya şagirdləri təmbəlləşdirir: AÇIQLAMA

Müasir dövr insanı üçün ən böyük nailiyyətlərdən biri süni intellektdir. Bu texnologiya həyatımızı asanlaşdırmaqla yanaşı, ciddi problemləri də ortaya çıxara bilər. Məsələn, hazırda şagirdlər və tələbələr süni intellektdən istifadə edərək inşa və sərbəst işlərini yazırlar.

Bəs, bu, gənclərin düşünmə və təhlil qabiliyyətinə necə təsir edir?

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd edib ki, müasir dövrdə insanın əldə etdiyi ən böyük uğurlardan biri süni intellekt olsa da, onun həm müsbət, həm də mənfi tərəfləri mövcuddur.

Deputat bildirib ki, bu proses ya bizim xeyrimizə, ya da əleyhimizə işləyə bilər və onun xeyrimizə işləməsi üçün biz üzərində çalışmalıyıq:

“Təəssüf ki, hazırda əksər hallarda şagirdlər inşa və yazılarında, tələbələr isə sərbəst işlərdə süni intellektdən geniş istifadə edirlər. Hesab edirəm ki, süni intellektdən düzgün istifadə edilmədiyi halda, ən böyük problemlərdən biri insan əqlinin və düşünmə qabiliyyətinin zəifləməsi olacaq. Bu, insanın təhlil etmək bacarığını mərhələli şəkildə itirməsinə və düşüncədən uzaqlaşmasına səbəb ola bilər ki, bu da ciddi problemə çevrilir”.

Ceyhun Məmmədov bildirib ki, bu məsələnin əsas narahatlığı odur ki, düşünmə qabiliyyətinin azalmasına və sıradan çıxmasına gətirib çıxara bilər:

“Mən düşünürəm ki, həm universitetlər, həm də ailələr bu mövzuda gənclərlə davamlı işləməli, geniş maarifləndirmə və təbliğat aparmalıdır. Gənclərə süni intellektin mahiyyəti və onun yaratdığı problemlər aydın şəkildə izah olunmalıdır. Çünki bu, gələcəkdə ciddi bir problemə çevrilə biləcək məsələdir”.

O, qeyd edib ki, gənclərin sürətlə bu prosesə qoşulması, onların təsir altına düşməsi ehtimalını artırır. Ona görə də mexanizmlər hazırlanmalı və gənclərin düşünmə qabiliyyətlərini itirməməsi təmin olunmalıdır”.

Deputatın fikrincə, bu halda, qeyd etdiyimiz kimi, gələcəkdə gənclərin kütləvi şəkildə süni intellektin təsirinə düşməsinə şahid ola bilərik ki, bu da ciddi narahatlıq doğurur.

Qeyd edək ki, süni intellekt böyük imkanlar yaratsa da, onun düzgün istifadə olunmaması gənclərin düşünmə qabiliyyətinə mənfi təsir göstərə bilər. /Demokrat.az/

Seçilən
23
1
nocomment.az

2Mənbələr