AZ

İran hakimiyyəti Starlink istifadəçilərinə qarşı əməliyyatlara başlayıb

Tehranın bu addımları məlumat sızmasının və internet məhdudiyyətlərinin aşılmasının qarşısını almaq məqsədini güdür...

Poliqon xəbər verir ki, İran hakimiyyəti ölkədə etiraz aksiyalarının zorakılıqla yatırılması ilə bağlı informasiyaların yayılmasının qarşısını almaq üçün Starlink peyk terminallarından istifadə edən şəxslərə qarşı genişmiqyaslı təqiblərə start verib. Məlumatlara görə, təhlükəsizlik qurumları qeyri-leqal peyk internetinə çıxış nöqtələrini müəyyənləşdirməyə və bu texnologiyadan yararlananları məsuliyyətə cəlb etməyə çalışır.

Bildirilir ki, rəsmi Tehran Starlink vasitəsilə sosial şəbəkələrə və xarici mediaya məlumat ötürülməsini, habelə dövlət tərəfindən tətbiq edilən internet bloklamalarının aşılmasını ciddi təhlükə kimi qiymətləndirir. Bu səbəbdən son günlərdə ölkənin müxtəlif bölgələrində peyk avadanlıqlarının müsadirəsi, istifadəçilərin saxlanılması və sorğu-sual edilməsi halları artıb.

Mənbələrin qeyd etdiyinə görə, hakimiyyət strukturları Starlink terminallarının ölkəyə qaçaq yollarla gətirilməsinin qarşısını almaq üçün sərhəd nəzarətini də gücləndirib. Eyni zamanda, peyk internetindən istifadə edən şəxslərin “milli təhlükəsizliyə təhdid” kimi təqdim edilməsi ehtimalı istisna olunmur.

Ekspertlər hesab edirlər ki, bu addımlar İranda informasiya axınına nəzarəti daha da sərtləşdirməyə yönəlib və etiraz dalğası fonunda cəmiyyətin xarici dünya ilə əlaqəsinin kəsilməsi məqsədi daşıyır.

Poliqon.info

Seçilən
46
48
poliqon.info

10Mənbələr