Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb.
Aznews.az xəbər verir ki, dövlətimizin başçısını salamlayan qadın sakin dedi: Sənin boyuna qurban, canım sənin boyuna qurban.
Prezident İlham Əliyev: Sağ olun. Necəsiniz? Necə yerləşmisiniz burada?
Sakinlər: Yaxşı.
Prezident İlham Əliyev: Yaxşıdır hər şey?
Sakinlər: Yaxşıdır.
Prezident İlham Əliyev: Allaha şükür. Təbrik edirəm sizi.
Sakinlər: Sağ olun.
Prezident İlham Əliyev: Artıq üç gündür ki, Ağdərə rayonunun dörd kəndinə yerləşmisiniz. Bu münasibətlə sizi təbrik edirəm.
Sakinlər: Çox sağ olun.
Prezident İlham Əliyev: Bütün bu kəndlərdə olmuşam: Çapar, Heyvalı, Çıldıran və Aşağı Oratağ kəndləri. Evlər gözəl təmir olunub, bərpa edilib. Son iki il ərzində biz işğaldan azad edilmiş Ağdərə rayonunun bütün qəsəbələrində, kəndlərində monitorinq aparmışıq. Birinci mərhələdə bərpa olunan kəndləri müəyyən etmişik və artıq Ağdərə rayonunun doqquz kəndinə keçmiş köçkünlər qayıtmışlar.
Sakinlər: Çox sağ olun.
Prezident İlham Əliyev: Uzun illərin həsrəti arxada qaldı, haqq-ədalət Zəfər çaldı. Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa etdi. Azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdıblar və burada qürurla yaşayacaqlar, xoşbəxt yaşayacaqlar, rahat yaşayacaqlar. Əminəm ki, bundan sonra müharibə olmayacaq. Azərbaycan dövləti güclü dövlətdir.
Kişi sakin: Sizin sayənizdə, cənab Prezident.
Prezident İlham Əliyev: Bizi güclü edən xalqımızdır, yumruq kimi birləşən millətimdir.
Sakinlər: Qarabağ Azərbaycandır!
Prezident İlham Əliyev: Son iki il ərzində, - antiterror əməliyyatından sonra, - 2023-cü ildən bu yana bütün bu bölgələrdə - Ağdərədə, Xocalıda, Xankəndidə, Xocavənddə həyat bərpa edilir. Beş il bundan əvvəl isə vaxtilə işğal altında olmuş digər ərazilərə köçkünlər qayıtmağa başlayıblar. Bu gün artıq 73 min insan - həm keçmiş köçkün, həm də ki, köçkün olmayan, amma azad edilmiş ərazilərdə işləyənlər, çalışanlar, oxuyanlar yerləşiblər və hər ay Qarabağa qayıdan vətəndaşların sayı artır. Burada şərait yaradılıb - işıq, su, qaz, yollar, iş yerləri.
Bu gün Qozlukörpü kəndində təxminən 15 meqavat gücündə Su Elektrik Stansiyasının açılışını qeyd etdik. Bu bölgə elektriklə tam təmin edilib. Hətta burada istehsal olunan enerji Azərbaycanın digər bölgələrinə də ötürülür. Yollar çəkilir. Buradan Tərtərə qədər, Kəlbəcərə qədər yollar tikilir, genişlənir. Bu gün "Dəmirli" Filiz Emalı Kompleksinin fəaliyyəti ilə də tanış oldum. Orada 1000-ə yaxın iş yeri yaradılır. Yəni iş yerləri ilə bağlı heç bir problem olmayacaq. Həm dövlət, həm özəl sektor tərəfindən şərait yaradılır. Eyni zamanda, bu gözəl, səfalı, mənzərəli təbiətdən istifadə edərək əkinçilik, heyvandarlıq, arıçılıq, meyvəçilik - bütün bu işlərlə mütləq məşğul olmaq lazımdır ki, siz burada rahat, firavan yaşayasınız.
Kişi sakin: Bu gün üçün Sizə çox-çox təşəkkür edirik. Siz dünyaya sübut etdiniz ki, Qarabağ Azərbaycandır! Sağ olun, var olun.
Qadın sakin: Mən Ağdərənin Çapar kəndindənəm. Mən bir şəhidin anasıyam, bir şəhidin də bacısıyam.
Prezident İlham Əliyev: Allah rəhmət eləsin.