BAKI, 14 yanvar. TELEQRAF
ABŞ Dövlət katibi Marko Rubio ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda keçirilən görüşdə Tramp Beynəlxalq Sülh və Rifah Marşrutunun (TRIPP) icra çərçivəsinin açıqlanmasını elan ediblər.
Teleqraf xəbər verir ki,ABŞ Dövlət Departamentinin yaydığı sənəddə bildirilir ki, bu çərçivə Donald Trampın ev sahibliyi etdiyi və 8 avqust 2025-ci ildə Ağ Evdə keçirilən Sülh Zirvəsində Cənubi Qafqazda davamlı sülhün təmin olunması ilə bağlı götürülmüş öhdəliklərin icrası istiqamətində atılan son addımdır.
Sənədə əsasən, TRIPP Ermənistan ərazisindən maneəsiz və multimodal tranzit əlaqəsinin qurulmasını nəzərdə tutur. Layihə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirərək Transxəzər Ticarət Marşrutunda strateji əhəmiyyətə malik yeni bağlantı yaratmağı hədəfləyir.
Qeyd olunur ki, bu təşəbbüs Ermənistan üçün həm beynəlxalq, həm də dövlətdaxili nəqliyyat və ticarət əlaqələrinin genişlənməsi baxımından qarşılıqlı faydalar vəd edir.
TRIPP icra çərçivəsində suverenlik, ərazi bütövlüyü və qarşılıqlılıq prinsiplərinin əsas götürüldüyü vurğulanır. Sənəddə bildirilir ki, layihənin əsas məqsədi Ermənistan və Azərbaycanın rifahını və təhlükəsizliyini gücləndirmək, regional ticarət və əlaqələri genişləndirməklə Amerika ticarətinin inkişafına töhfə vermək, eyni zamanda Mərkəzi Asiya və Xəzər dənizini Avropa ilə birləşdirən yeni tranzit imkanları yaratmaqdır.
ABŞ Dövlət Departamenti qeyd edib ki, TRIPP regionda uzunmüddətli sabitlik və iqtisadi əməkdaşlıq üçün mühüm platforma kimi nəzərdə tutulur.