AZ

Tramp niyə Qrenlandiya üçün təkid edir? - Məsələnin kökündə Rusiya və Çin amili var-TƏHLİL

ABŞ Prezidenti Donald Trampın son günlərdə dəfələrlə gündəmə gətirdiyi Qrenlandiya ilə bağlı iddiaları yalnız uydurma siyasi polemika deyil, həm tarixi, həm geosiyasi, həm də beynəlxalq rəqabətin reallıqlarını önə çıxaran bir qaynaqdır. Birləşmiş Ştatların bu böyük ada ilə bağlı dedikləri, sadəcə “satın alma” ifadəsindən ibarət olmayıb, dünya siyasətində güc mübarizəsini əks etdirir.

Qrenlandiyanı - Danimarkanın muxtar ərazisini dünyanın əsas güc mərkəzləri üçün çəkişmə nöqtəsinə çevirən səbəb və ya səbəblər nədir? Öncə bunu şərtləndirən əsas amilləri araşdırdıq.

Böyük güclərin mübarizə meydanı

ABŞ Qrenlandiya amilini ilk növbədə milli təhlükəsizlik prizmasından qiymətləndirir. Ada Şimali Amerika ilə Avropa arasında yerləşən təbii “kilid nöqtə”dir. ABŞ-nin Qrenlandiyada Thule (Pituffik) hərbi bazasının olması da bu baxımdan təsadüfi deyil. Rusiya və Çinin Arktikadakı hərbi və texnoloji mövcudluğunu məhdudlaşdırmaq, Arktik hava və dəniz marşrutlarına nəzarəti gücləndirmək, raket xəbərdarlıq və kosmik izləmə imkanlarını genişləndirmək ABŞ üçün əsas hədəflərdir.

Avropa ölkələrinin - xüsusilə Fransa, Almaniya və İsveçin - Qrenlandiyaya hərbi missiya göndərməsi ABŞ-yə qarşı açıq qarşıdurma yox, balans yaratmaq cəhdidir. Vaşinqtonun Qrenlandiyanı faktiki nəzarətə götürərək Arktikada dominant gücə çevrilməsi, Danimarkanın suverenlik hüquqlarının zəifləməsi, NATO daxilində qərarvermə proseslərində ABŞ-nin dominant mövqe tutması Avropanın əsas narahatlıqlarındandır. Bu səbəbdən Avropa Qrenlandiyada “Avropa hərbi missiyası” adı altında mövcudluq yaradaraq həm Danimarkanın arxasında dayandığını göstərmək, həm də Vaşinqtona “tam boş meydan yoxdur” mesajı vermək istəyir.

Moskva Qrenlandiyanı birbaşa almaq niyyətində olmasa da, adanın ABŞ nəzarətinə keçməsini strateji təhlükə sayır. Rusiya üçün Arktika:

● Şimal Dəniz Yolunun təhlükəsizliyi

● Nüvə deterensiyasının (nüvə çəkindirməsi) qorunması

● ABŞ-nin raket və radar sistemlərinin Rusiyaya daha da yaxınlaşmaması

Qrenlandiyanın ABŞ-yə məxsus olması Rusiyanın Arktikadakı hərbi balansını ciddi şəkildə pozar. Bu səbəbdən Kreml bölgədə ABŞ-Avropa fikir ayrılıqlarının dərinləşməsində maraqlıdır.

Çin Qrenlandiyaya hərbi deyil, iqtisadi və texnoloji prizmadan baxır. Ada zəngin nadir torpaq elementləri, uran və digər strateji resurslarla seçilir.

Pekinin əsas maraqları sırasında gələcək texnologiyalar üçün xammal təminatı, Arktik ticarət marşrutlarında söz sahibi olmaq, ABŞ-nin qlobal texnoloji üstünlüyünü zəiflətmək strategiyasıdır. ABŞ-nin Qrenlandiyanı əldə etməsi Çinin bu planlarını faktiki olaraq bloklayar. Məhz buna görə Vaşinqton Pekini adanın “alternativ təhlükəsi” kimi göstərir.

Strateji əhəmiyyət

Qrenlandiya, coğrafi olaraq Şimali Amerika ilə Avropanı birləşdirən, Arktikaya açılan strateji xətdə yerləşir. Buradan keçən hava yolları, ABŞ-nin raket marşrutları və dəniz nəqliyyatı bölgənin təhlükəsizlik strategiyasında həlledici rol oynayır. 1951-ci ildə ABŞ ilə Danimarka arasında imzalanmış müdafiə müqaviləsinə əsasən, Vaşinqton burada Pituffik Space Base kimi strateji qurğulara sahibdir. Bu bazalar raket xəbərdarlığı, kosmik müşahidə və Şimali Atlantikada naviqasiya üçün həyati əhəmiyyət daşıyır.

Təhlükəsizlik və NATO

Qrenlandiya, NATO üzvü Danimarkanın bir hissəsi olduğundan, bu məsələ ittifaq üçün də böyük əhəmiyyət daşıyır. Bir NATO ölkəsinin ərazisinə hərbi müdaxilə ittifaqın prinsiplərini poza bilər. Avropa liderləri birgə bəyanatlarla adanın statusunun yalnız Danimarka və Qrenlandiya xalqına aid olduğunu vurğulayırlar.

Tarixi kontekst

ABŞ-nin Qrenlandiyaya marağı yeni deyil. XIX əsrdə ABŞ həm Alyaska, həm də Qrenlandiya ilə maraqlanıb. 1946-cı ildə prezident Harri Truman administrasiyası Danimarkaya rəsmi satın alma təklifi göndərsə də, Kopenhagen bunu rədd etmişdi. Soyuq Müharibə dövründə ada strateji üstünlük baxımından planlaşdırılıb. 2009-cu ildən Qrenlandiya özünüidarəetmə və gələcəyinə özü qərar vermək hüququna malikdir.

Qrenlandiyanın yerli əhalisi - Kalaallitlər

Anketlər göstərir ki, Qrenlandiya xalqının böyük əksəriyyəti ABŞ-yə qatılma ideyasını qəbul etmir. İnuitlərin 85 faizi adanın ABŞ-yə daxil olmasını istəmir, yalnız 6 faizi bunu dəstəkləyir. Yerli əhali vurğulayır ki:

● Qrenlandiya “satıla bilən obyekt deyil”;

● Öz müqəddəratını təyin etmək hüququna malikdir;

● Həm Danimarka, həm də NATO çərçivəsində təhlükəsizlik strukturlarını qoruyur, amma suveren qərar vermək hüququ onlara aiddir.

Qrenlandiya ətrafında baş verən müzakirələr təkcə bir ada üçün deyil və bir neçə istiqamətdə aparılan mübahisələri əks etdirir:

- 21 ci əsrdə beynəlxalq hüquq, ittifaqlar və suverenlik hüququ;

- ABŞ-Avropa-Çin Rusiya qlobal rəqabəti

- Təhlükəsizlik, iqtisadi resurslar və strateji mövqelər

Aparılan müzakirə “Trampın qlobal hegemon arzuları” kimi povestləşdirilə bilər, lakin əsas problem Qrenlandiyanın və bənzər geostrateji bölgələrin müstəqillik hüququ ilə böyük dövlətlərin strateji maraqları arasındakı gərginlikdir.

İlhamə Qasımlı


Telegram kanalımız
Seçilən
98
21
yenisabah.az

10Mənbələr