ABŞ-nin Bakıdakı səfirliyində qeyri-immiqrant viza müraciətlərinin qəbulu davam edir.
"Ölkə.Az" xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Diplomatik missiyadan bildirilib ki, yerli mediada ABŞ-nin 75 ölkənin, o cümlədən Azərbaycanın vətəndaşları üçün bütün viza növlərini dayandırdığı iddiası ilə bağlı məqalələrin yayımlandığını müşahidə ediblər:
"Bildiririk ki, bu məlumat həqiqəti əks etdirmir: sözügedən fasilə yalnız immiqrant (daimi yaşayış) vizalarına aiddir və turist, işgüzar səfər, tələbə və mübadilə proqramları üzrə qeyri-immiqrant viza müraciətlərinə şamil edilmir".
Xatırladaq ki, ABŞ 75 ölkənin vətəndaşlarına vizaların verilməsini dayandırıb. Dövlət Departamenti vizaların verilməsinin dayandırılmasının səbəblərinə aydınlıq gətirib.
Bildirilib ki, qadağa yalnız immiqrant vizalarına aiddir. “Dövlət Departamenti miqrantları Amerika xalqının hesabına qəbuledilməz dərəcədə yüksək sosial müavinət alan 75 ölkədən immiqrant vizalarının emalını dayandıracaq”, – məlumatda vurğulanıb.
Qeyd edək ki, miqrant vizasının verilməsi dayandırılan ölkələrin siyahısına Əfqanıstan, Albaniya, Əlcəzair, Antiqua və Barbuda, Ermənistan, Azərbaycan, Baham adaları, Banqladeş, Barbados, Belarus, Beliz, Butan, Bosniya, Braziliya, Birma, Kamboca, Kamerun, Kabo-Verde, Kolumbiya, Kot-d’İvuar, Kuba, Konqo Demokratik Respublikası, Dominikan, Misir, Eritreya, Efiopiya, Fici, Qambiya, Gürcüstan, Qana, Qrenada, Qvatemala, Qvineya, Haiti, İran, İraq, Yamayka, İordaniya, Qazaxıstan, Kosova, Küveyt, Qırğızıstan, Laos, Livan, Liberiya, Liviya, Makedoniya, Moldova, Monqolustan, Monteneqro, Mərakeş, Nepal, Nikaraqua, Nigeriya, Pakistan, Konqo Respublikası, Rusiya, Ruanda, Sent-Kits və Nevis, Sent-Lüsiya, Sent-Vinsent və Qrenadinlər, Seneqal, Syerra-Leone, Somali, Cənubi Sudan, Sudan, Suriya, Tanzaniya, Tailand, Toqo, Tunis, Uqanda, Uruqvay, Özbəkistan və Yəmən daxildir.