Rumıniya 1-ci dünya müharibəsi zamanı Rusiyaya göndərdiyi qızıl və digər qiymətli əşyaların geri qaytarılmasını tələb edir. Metbuat.az xəbər verir ki, 1916-cı ildə 1-ci dünya müharibəsinə qoşulan Rumıniya paytaxt Buxarest də daxil olmaqla ərazisinin bir hissəsini itirib və milli bank da daxil olmaqla bir çox vacib qurumlarını Yaşiyə köçürüb. O dövrdə bütün ərazisini itirmək riski ilə üzləşən Rumıniya milli bankda saxlanılan qızıl ehtiyatlarını və digər qiymətli əşyalarını Rusiyaya göndərmək qərarına gəlib. 1916-1917-ci illərdə Rumıniya 91,5 ton qızıl və bəzi zərgərlik və mədəni əşyaları gəmi ilə Moskvaya daşıyıb. Rumıniya müharibədən sonra qızılı geri qaytarmaq üçün cəhdlər edib, lakin məsələ günümüzə qədər davam edib.