Azərbaycan yeni hərbi ittifaqda yer alacaq?
Türkiyənin Pakistan və Səudiyyə Ərəbistanı arasında mövcud olan hərbi əməkdaşlıq sazişinə qoşulmaq ehtimalı regional təhlükəsizlik gündəmini dəyişə bilər. Razılaşmanın yaxın vaxtlarda əldə olunacağı gözlənilir. Türkiyə və Pakistan Azərbaycanın strateji tərəfdaşları olduğunu nəzərə alsaq, bu proses fonunda Azərbaycanın da mümkün ittifaqda yer alıb-almayacağı maraq doğurur.Milli Məclisin deputatı Hikmət Babaoğlu Metbuat.az-a açıqlamasında bildirib ki, Türkiyə və Pakistan Azərbaycanın mühüm müttəfiqləridir. Türkiyə isə Azərbaycanın strateji müttəfiqi kimi xüsusi yer tutur: "Təhlükəsizlik məsələlərində və xarici siyasət sahəsində iki ölkənin mövqeləri koordinasiya olunur ki, bu da hər iki tərəf üçün ciddi dividendlər yaradır. Nəzəri baxımdan müttəfiqlərin çox olması hər bir dövlət üçün mühüm əhəmiyyət daşıyır. Xüsusilə nəzərə almaq lazımdır ki, dünya hazırda böyük kataklizmlərlə müşayiət olunan tarixi mərhələdən keçir. Bu mərhələ eyni zamanda yeni ittifaqların formalaşdığı, yeni geosiyasi bölgülərin yarandığı bir dövrdür. Azərbaycanın xarici siyasət prioritetləri dəfələrlə bəyan edildiyi kimi, ilk növbədə özünün müəyyənləşdirdiyi, dərin tarixi və strateji xarakter daşıyan coğrafiyada qurulan ittifaqlara əsaslanır. Bu, hər şeydən əvvəl Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq, Türkiyə–Azərbaycan münasibətləri, eləcə də bizə məxsus tarixi və mədəni coğrafiyanın resurslarının strateji münasibətlər səviyyəsinə qaldırılması və təhlükəsizlik məsələlərinin həllini əhatə edir".
Deputatın sözlərinə görə, zərurət yarandığı təqdirdə, digər dövlətlərlə də müttəfiq münasibətlərin qurulması Azərbaycan üçün məqbul hesab oluna bilər:"Məsələ ondadır ki, döyüş qabiliyyətli ordusu, beynəlxalq münasibətlər sistemində artan nüfuzu və xüsusi çəkisi olan Azərbaycanı bir çox dövlət öz müttəfiqi kimi görmək istəyir. Lakin bu prosesdə Azərbaycan hər şeydən öncə öz dövlət maraqlarına, strateji və həyati vacib mənafelərinə əsaslanaraq qərar verir. Məhz bu baxımdan, Azərbaycanın qəbul edəcəyi istənilən qərar ən doğru və məqbul qərar olacaqdır".Politoloq Elçin Xalidbəyli də açıqlamasında bildirib ki, hazırda dünyanın hüquqi-siyasi sisteminin yenidən formalaşması prosesi gedir. Bu şəraitdə qlobal təhlükəsizlik mexanizmlərinin zəiflədiyi açıq şəkildə müşahidə olunur:"Hətta demək olar ki, mövcud təhlükəsizlik sistemləri artıq dağılma mərhələsinə qədəm qoyub. Məhz buna görə də bir sıra dünya dövlətləri yeni təhlükəsizlik mexanizmləri yaratmaq istiqamətində addımlar atırlar. Bu baxımdan müxtəlif nümunələr mövcuddur. Həmin nümunələrdən biri də Səudiyyə Ərəbistanı ilə Pakistan arasında imzalanmış hərbi əməkdaşlıq sazişidir. Razılaşmaya əsasən, tərəflərdən hər hansı birinə qarşı kənar hücum baş verərsə, digər ölkə müdaxilə etməyi öz üzərinə öhdəlik kimi götürür. Yeni təhlükəsizlik sistemlərində yer almaq niyyətini gizlətməyən ölkələr sırasında Türkiyə də var. Türkiyə bu iki müsəlman dövləti arasında imzalanmış sazişə qoşulmaq istəyini açıq şəkildə ifadə edir. Türkiyənin Pakistanla çox yaxın münasibətləri mövcuddur, eyni zamanda Səudiyyə Ərəbistanı ilə əlaqələr də inkişaf mərhələsindədir. Bu baxımdan Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında üçtərəfli hərbi əməkdaşlıq və ya müttəfiqlik sazişinin imzalanması ehtimalı real görünür".
E.Xalidbəyli qeyd edib ki, Azərbaycanın da bu dövlətlərlə münasibətləri yüksək səviyyədədir. Türkiyə Azərbaycanın strateji hərbi müttəfiqidir. Səudiyyə Ərəbistanı və Pakistan arasında mövcud olan hərbi sazişə bənzər razılaşma Azərbaycan və Türkiyə arasında da mövcuddur: "Belə ki, Azərbaycan və Türkiyə bir-birinə qarşı kənar hücumlar zamanı qarşılıqlı müdaxilə öhdəliyi götürüblər. Yəni iki ölkə arasında hərbi müttəfiqlik müqaviləsi qüvvədədir. Bu baxımdan hesab etmək olar ki, Səudiyyə Ərəbistanı və Pakistan arasındakı sazişə Türkiyə də qoşularsa, Azərbaycanın da həmin ittifaqda yer alması ehtimalı yarana bilər. Çünki Azərbaycan həm strateji müttəfiqi Türkiyə ilə, həm də digər iki müsəlman dövləti ilə müttəfiqlik münasibətlərinin inkişafında maraqlıdır. Üstəlik, Azərbaycanın Pakistanla da strateji tərəfdaşlıq əlaqələri mövcuddur. Ümumilikdə isə yeni bir təhlükəsizlik sisteminin və ya hərbi ittifaqın formalaşmaqda olduğu şübhə doğurmur və bu prosesdə Azərbaycanın iştirakı istisna edilmir". Sevinc İbrahimzadə / Metbuat.az Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusu üzrə dərc olunub. 