Türkiyə Xarici İşlər Nazirliyi Suriyada əldə edilən atəşkəslə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilir ki, yeni atəşkəs və tam inteqrasiya sazişi Suriyada ərazi bütövlüyü və birliyə əsaslanan sabitliyə doğru səyləri irəli aparacaq.
Tərəflər ümid edir ki, Suriya Ərəb Respublikasının keçid dövrü prezidenti Əhməd Əl Şaraa tərəfindən elan edilən razılaşma ölkədə sabitlik və təhlükəsizliyin bərqərar olması üçün effektiv addım olacaq.
Türkiyə rəsmiləri atəşkəsin və inteqrasiya planının həm Suriya xalqının, həm də regiondakı qonşuların təhlükəsizliyi və sülhünə töhfə verəcəyini gözlədiklərini bildiriblər.
Nazirlik qeyd edib ki, Suriyada 8 dekabr 2024-cü il tarixindən bəri davam edən və ölkənin firavan gələcəyi üçün mühüm fürsət hesab olunan yeni dövr kritik mərhələdədir və bütün qrupların terrorizm və parçalanma əvəzinə birlik və inteqrasiyanı seçəcəklərinə ümid edilir.
Bəyanatda Türkiyənin inklüziv və birləşdirici yanaşma ilə həyata keçirilən Suriya hökumətinin terrorizmə qarşı mübarizə və yenidənqurma səylərini dəstəkləməyə davam edəcəyi vurğulanıb.