2025/2026-cı illər mövsümünün ikinci hissəsinə hazırlığı davam etdirən “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.
Arena.az xəbər verir ki, Kaxaber Sxadadzenin rəhbərlik etdiyi komanda Birinci Liqa təmsilçisi “Baku Sportinq”lə qarşılaşıb.
Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutmuş görüş Premyer Liqa təmsilçisinin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Qırmızı-qaralar”ın qollarını İsmahil Akinade (4, 8), Murad Musayev (27), Eşqin Əhmədov (40), Nicat Əliyev (60), Xayme Syerra (66) və Salihu Nasiru (73) vurublar.
Xatırladaq ki, “Qəbələ” bu qış fasiləsindəki ilk sınaq matçında “Kəpəz”ə 3:1, ikinci oyununda isə “Araz-Naxçıvan”a 1:0 hesabı ilə qalib gəlmişdi. Bir sözlə, sözügedən komanda hazırlıq prosesini 3 qələbə ilə bitirib.
Əyalət təmsilçisi Premyer Liqada qış fasiləsindən sonrakı ilk rəsmi oyununu yanvarın 24-də səfərdə “Şamaxı”ya qarşı keçirəcək.
