“Liv Bona Dea” hospitalı Əli və Nino kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərlinin şikayətinə münasibət bildirib.
Pravda.az-a daxil olan məlumatda qeyd olunub ki, məsələ ilk gündən diqqətlə araşdırılmağa başlanılıb.
“Qeyd olunan məsələ ilə bağlı xəstə yaxınları ilə hospitalımızın baş həkimi şəxsən əlaqə saxlamış, baş vermiş hallar ətraflı şəkildə müzakirə edilmişdir. Xəstə əməliyyatdan sonra oyanma otağında tibbi protokollara tam uyğun olaraq nəzarətə götürülmüş və ilkin mərhələdə müvafiq ağrıkəsici dərmanlar və anestezioloji preparatlar tətbiq edilmişdir. Anesteziya təsiri altında olan xəstəmizin fiziki müayinə və ağrı kontrolu sonrası əsas müalicə həkimi ilə müzakirə edilərək klinik vəziyyətinə uyğun şəkildə epidural kateter tətbiq olunmuşdur. Tədbiq olunmuş tibbi müdaxilələr və əməliyyatın uğurla tamamlanması ilə bağlı müalicə həkimi xəstəmizin həyat yoldaşına da məlumat vermişdir. Xəstə anatomiyası və icra olunan əməliyyatın növü ağrı kontrolu prosesinin müddətinə təsir edir.Bu xəstəmizdə də ümumi əməliyyatxanadan yatış otağına göndərilməsi prosesi gözləniləndən daha çox zaman almışdır. Xəstə əməliyyatdan çıxdığı gün Anesteziologiya şöbəsinin rəhbəri tərəfindən yatış otağında müayinə olunmuş və ağrısının azladığı təsbit edilmişdir. Anestezioloqun ikincigünki müayinəsində xəstənin konfortu üçün epidural kateterin xəstəmizin çıxış edəcəyi ana qədər saxlanılması qərarı alınmışdır. Eyni zamanda xəstəmiz yatış otağında olarkən də məmnuniyyət şöbəmiz və baş tibb bacısı tərəfindən ziyarət edilmiş, şikayətləri dinlənilmiş və araşdırmalara başlanılmışdır. Xəstəmiz xəstəxanadan sağalaraq evə çıxış etdikdən sonra araşdırmalarımızın nəticəsi baş həkimimiz tərəfindən həyat yoldaşına telefon zəngi vasitəsi ilə də məlumat verilmişdir. Aidiyyati şikayətlər və sosial media paylaşımları bizim üçün nə qədər üzücü olsa da, xəstəmizin sağalaraq evinə yola salınması bizim ən böyük xoşbəxtliyimizdir. Yuxarıda qeyd olunanlar xaricində imicimizə zərər vurmağa yönəlmiş qeyri etik yanaşmaların heç birini qəbul etməməklə bərabər iddiaların tərəfimizə hüquq müstəvisində rəsmi şəkildə yönləndiriləcəyi halda müvafiq orqanlara tibbi qeydləri və bütün xəstələrimizin məhrəmiyyətini qoruyan kamera qeydlərimizi də paylaşmağa hazırıq”, - məlumatda vurğulanıb.