AZ

Azərbaycanın güləş yığmaları ilin ilk toplanışını Göygöldə keçirlər

Bakı, 19 yanvar, AZƏRTAC

Güləş üzrə Azərbaycan milliləri 2026-cı ilin ilk təlim-məşq toplanışlarına start veriblər.

Güləş Federasiyasından AZƏRATC-a bildirilib ki, yanvarda keçirilən Azərbaycan çempionatından sonra komandaların heyəti müəyyənləşib və hazırlıq mərhələsinə start verilib. Belə ki, yunan-Roma güləşi üzrə yığma yanvarın 14–dən, sərbəst güləş üzrə milli isə yanvarın 18-dən Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb. Yunan-Roma güləşçiləri ayın 25-dək, sərbəst güləşçilər isə yanvarın 31-dək Göygöldə daha çox fiziki hazırlığın yüksəldilməsinə hesablanmış hazırlıq prosesini davam etdirəcəklər. Toplanışın gedişində taktiki-texniki çalışmalara da yer ayrılacaq.

Qadın güləşi üzrə komanda isə bu gün Bakıda bir araya gəlib. Güləş Federasiyasının qadın güləşi üzrə təlim-məşq bazasında təşkil edilən toplanış fevralın 3-də yekunlaşacaq.

Qeyd edək ki, növbəti aydan beynəlxalq yarışlarda iştirak nəzərdə tutulub. Qadın güləşçilər 2026-cı ilə ilk reytinq turniri sayılan “Zaqreb Open”lə (4-8 fevral) start verəcək. Kişilərdən ibarət komandalarımız isə növbəti reytinq turnirində – Tiranada keçiriləcək Muhamet Malo Memorialında (25 fevral – 1 mart) debüt edəcəklər.

Seçilən
78
9
azertag.az

10Mənbələr