“Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki rəqibi “Ayntraxt” baş məşqçisi Dino Toppmöllerlə əməkdaşlığa xitam verib.
Arena.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Frankfurt təmsilçisinin açıqlamasında bildirilir ki, bu qərar son həftələrin hərtərəfli idman və struktur təhlilinin, həmçinin yeni təqvim ilindəki ilk üç oyunun nəticəsidir. Klub rəhbərliyi 2028-ci ilə qədər müqaviləsi olan 45 yaşlı mütəxəssislə işbirliyinə xitam verib.
Komandanın cari mövsümdəki ən böyük problemi müdafiə xətti olub. Frankfurt klubu 18 liqa oyununda 39 qol buraxıb ki, bu da Bundesliqada hazırkı ən pis göstəricidir.
Komanda müvəqqəti olaraq U-21-in baş məşqçisi Dennis Şmitt və U-19-un çalışdırıcısı Aleksandr Mayerə tapşırılıb. Əsas səlahiyyət Şmitdə olacaq. Bu isə o deməkdir ki, 21 yanvarda UEFA Çempionlar Liqası çərçivəsində Bakıda baş tutacaq “Qarabağ” – “Ayntraxt” qarşılaşmasında almanları meydana yeni məşqçi çıxaracaq.
Xatırladaq ki, Dino Toppmöller baş məşqçi postuna 2023/2024-cü illər mövsümündə gəlib. O, heyətdəki çoxsaylı dəyişikliklərdən sonra klubu beynəlxalq arenalara çıxarıb. Toppmöller 2024/2025-ci illər mövsümündə Almaniya Bundesliqasını üçüncü pillədə başa vuraraq klub tarixinin ən yaxşı nəticəsinə imza atıb və komandanı ilk dəfə UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yüksəldib.
“Qarabağ” – “Ayntraxt” matçı yanvarın 21-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 21:45-də start veriləcək.
