Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda ölkə çempionatının 2025/2026-cı illər mövsümünün 20-ci turu çərçivəsində “Elbasani” ilə qarşılaşıb.
“Eqnatiya” doğma meydanda baş tutmuş bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.
Əliyev bu oyunun iştirakçısı olmayıb. Azərbaycanlı futbolçu sonadək ehtiyatda qalıb.
“Eqnatiya” 20 turdan sonra 38 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatında zirvədə qərarlaşıb. Komanda keçirdiyi 20 oyunda 11 qələbə qazanıb, 5 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 56 oyuna çıxıb, 1 qola imza atıb. Əliyev “Eqnatiya” ilə ötən mövsüm Albaniya çempionu olub.
Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.
