AZ

Dezinformasiyanın yerli və qlobal miqyasda təhlükəsinə dair ictimai müzakirə keçirilib

Yanvarın 21-də Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşkilatçılığı, Medianın İnkişafı Agentliyinin və Azərbaycan Mətbuat Şurasının tərəfdaşlığı ilə "Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi" mövzusunda ictimai müzakirə keçirilib. Tədbirin məqsədi dezinformasiyanın müasir dövrdə yaratdığı çağırışların, onun qlobal, regional və milli səviyyələrdə təsirlərinin müzakirə edilməsi və bu çağırışlara qarşı mümkün birgə yanaşmaların qiymətləndirilməsi olub.

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib ki, bu günlərdə Davosda Dünya İqtisadi Forumu "Qlobal Risklər Hesabatı"nı ("Global Risks Report") açıqlayıb. Hesabata görə, dezinformasiya, saxta məlumatlar Azərbaycan üçün 2026-cı ildə əsas risk kimi göstərilib. Hesabatda dezinformasiya, həmçinin qlobal miqyasda da ciddi təhlükə kimi qiymətləndirilib: "Dezinformasiya müasir dövrdə təkcə informasiya sahəsini deyil, ictimai sabitliyi, dövlət-vətəndaş münasibətlərini, demokratik institutları hədəfə alan sistemli təhlükəyə çevrilib. Bu mövzuda vətəndaş cəmiyyəti həmişəkindən daha həssas olmalı, saxta məlumatları vaxtında ifşa etməli, onun tirajlanmasının qarşısında səddə çevrilməlidir. Dünya İqtisadi Forumunun dezinformasiyanı Azərbaycan üçün əsas risk kimi göstərməsi ciddi siqnaldır. Ona görə də Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu tərəfdaş qurumlarla birgə vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə bu ictimai müzakirəni təşkil etməyə qərar verdi".

Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli qeyd edib ki, bütün dünyada dezinformasiya təhdidləri artan templə irəliləyir, müasir dövrdə sosial media platformaları dezinformasiyanın əsas yayılma məkanına çevrilib: "Dezinformasiyanın bütün təzahür formalarına qarşı mübarizədə Azərbaycan dövlətinin güclü siyasi iradəsi var. Amma bu prosesdə ictimai sayıqlıq, media savadlılığı, cəmiyyətin yüksək intellektual səviyyəsi ən güclü silahdır".

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid vurğulayıb ki, media subyektlərinin "Azərbaycan Æurnalistlərinin Etik Davranış Qaydaları"na riayət etməsi vacibdir və bu yaxşı nümunə kimi sosial media fəallarına da təsir edə bilər:  "Ümumən qaydaların bütün prinsiplərinə riayət edilməsi cəmiyyətin dezinformasiya təmayüllərindən qorunması baxımından vacib istinadgahdır".

İctimai müzakirə çərçivəsində keçirilən tematik sessiyalarda dezinformasiyaya müxtəlif aspektlərdən yanaşmalar təqdim olunub. "Süni intellektlə yaradılmış saxta görüntülər, videolar və bot şəbəkələrinin ictimai rəyə təsiri" mövzusunda çıxış edən Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Müşfiq Ələsgərli bu texnologiyaların informasiya manipulyasiyası baxımından yaratdığı risklərə diqqət çəkib.

"Dezinformasiyaya qarşı mübarizədə vətəndaşların media savadlılığının artırılması və QHT-lərin ictimai maarifləndirmədə rolu" mövzusunda keçirilən sessiyada Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu və İnformasiya və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə QHT-lərin bu sahədəki nəzarət mexanizmlərindən bəhs ediblər.

"Azərbaycana qarşı hibrid təhdidlər və informasiya savaşının geosiyasi aspektləri" mövzusunda sessiyada Zaur İbrahimli və Sənan Nəcəfov qlobal miqyasda hibrid təhdidlərin genişlənməsinə diqqət çəkiblər.

Dezinformasiyanın regional dinamikasına həsr olunmuş sessiyada Milli Məclisin deputatı Azər Allahverənov türk dünyası üçün informasiya məkanında koordinasiyalı fəaliyyətin strateji əhəmiyyət daşıdığını bildirib. Qlobal Cənub QHT platformasının nümayəndəsi Fuad Kərimli isə rəqəmsal savadlılığın zəifliyi və texnoloji resurs çatışmazlığının regionda dezinformasiyanın təsirini artırdığını vurğulayıb.

Qeyd olunub ki, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu cəmiyyət üçün aktual mövzularda ictimai müzakirələri davam etdirəcək.

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Seçilən
14
10
azerbaijan-news.az

10Mənbələr