Maraqlıdır, ABŞ-nin Kuba hökuməti daxilində tərəfdar axtarması nə dərəcədə real və effektiv strategiya sayıla bilər?
Mövzunu Olaylar.az-a şərh edən siyasi ekspert Taleh Əliyev bildirib ki, Amerika Birləşmiş Ştatları ilə Kuba arasındakı düşmənçilik təkcə siyasi-ideoloji fərqliliklərdən qaynaqlanmır: "Bu qarşıdurmanın formalaşmasında müasir Kubanın qurucusu və lideri Fidel Kastroya qarşı ABŞ-də onun "arzuolunmaz şəxs" elan edilməsi, eləcə də Kastronun açıq şəkildə anti-Amerika siyasi xətt yürütməsi də mühüm rol oynayıb. Doğrudur, SSRİ dağıldıqdan sonra Kuba daha çox Venesuela nefti hesabına ölkənin enerji tələbatını ödəməyə nail olurdu. Lakin bu gün Kuba digər avtoritar rejimlərdən fərqli olaraq daha dayanıqlı və stabil dövlət idarəçilik modelinə malikdir. Xalqın sosial vəziyyəti də bir çox dünya ölkələri ilə müqayisədə nisbətən qənaətbəxşdir. Məhz buna görə düşünmürəm ki, ABŞ qısa müddət ərzində Kubanın özünə tapdığı tərəfdaşlar və ölkədə yarana biləcək sosial-iqtisadi böhran vasitəsilə hakimiyyət dəyişikliyinə nail ola bilsin.
"Nəzərə alsaq ki, bu gün böyük dövlətlərin yeni müttəfiq axtarışları təkcə iqtisadi maraqlara deyil, həm də geosiyasi maraqlara əsaslanır, bu baxımdan Kubanın ənənəvi müttəfiqləri olan Rusiya və Çin Xalq Respublikasından dəstək alaraq dirəniş göstərməsi ehtimalı daha böyükdür. Ona görə də Venesuelada yaşananlar və digər regionlarda ABŞ-nin həm xüsusi xidmət orqanları vasitəsilə, həm də son zamanlar Trampın səs-küylü bəyanatları fonunda yaratdığı siyasi fon nəzərə alınsa belə, Kubada qısa müddətdə hakimiyyət dəyişikliyinin baş verməsi real görünmür", - deyə ekspert əlavə edib.
Lamiyə Cəbrayılova